Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir E.İsmayılov/
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yanvar-mart aylarında 417 min ton neft yükləri daşıyıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 30 faiz azdır. Bu barədə çərşənbə axşamı Bakı limanındakı mənbə bildirib.
"Ümumilikdə, birinci rübdə 417 min ton neft yükləri daşınıb. Ötən illə müqayisədə bu göstərici 30 faiz azdır", - mənbə deyib.
Onun sözlərinə görə, neft yüklərinin daşınması həcminin azalması Mərkəzi Asiyadan olan neft yüklərinin bir hissəsinin hələ ötən il Səngəçal terminalına yönəldilməsi ilə izah edilir. Daşınmanı "Cross Caspian" şirkəti həyata keçirir.
Ümumilikdə, bu ilin birinci rübündə liman 1,3 milyon ton müxtəlif yüklər daşıyıb ki, bu da 2009-cu ilin yanvar-mart aylarında qeydə alınan göstəricidən 14 faiz çoxdur.
2009-cu ildə Bakı limanı 2,5 milyon ton neft yükləri daşıyıb ki, bu da 2008-ci ildəki göstəricidən 10 faiz aşağıdır. 2009-cu ildə ümumilikdə liman 5,1 milyon ton yük daşıyıb.
Mənbənin əvvəl bildirdiyi kimi, 2008-ci ildə Bakı limanından 6 milyon tona yaxın müxtəlif yüklər daşınıb. 2008-ci ildə göndərilən yüklərin həcminin 3 milyona yaxını neft və neft məhsullarının, qalan 3 milyonu isə bərə nəqliyyatı ilə hərəkət edən yüklərin payına düşüb (Bakı-Türkmənbaşı, Türkmənbaşı-Bakı; Bakı-Aktau, Aktau-Bakı).