Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri yanvar-mart aylarında 2 754,5 milyon manat, xərcləri isə 1 292,3 milyon manat təşkil edib. Bu barədə ARDNŞ-nin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.
Fondun gəlirlərinin böyük hissəsi mənfəət neft və qazının satışından daxil olub. Neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər 2 704,5 milyon manat, o cümlədən mənfəət neft və qazının satışından 2 702,2 milyon manat, tranzit gəlirləri isə 2,0 milyon manat təşkil edib
Hesabat dövründə xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən gəlirlər 0,3 milyon manat təşkil edib. Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlir 50,0 milyon manata bərabər olub.
Neft Fondunun xərclər strukturunda qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 2,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə müvafiq olaraq 23,2 milyon manat və 36,5 milyon manat vəsait ayrılıb. Dövlət büdcəsinə transfertlər 1 225 milyon manat təşkil edib. 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 1,9 milyon manat vəsait ayrılıb.
Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 2,8 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı fondun xərcləri 379,0 milyon manat təşkil edib.
2010-cu il aprelin 1-nə olan vəziyyətə görə, fondun aktivləri ilin əvvəlinə nisbətən 9,1% artaraq 13 049,7 mln manata (16 243,3 milyon dollar) bərabər olub.
Aprelin 27-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.