Azərbaycan, Bakı, 30 aprel /Trend/
Bu ilin yanvar-fevral aylarında ABŞ Azərbaycandan 2,454 milyon barel neft idxal edib. Bu göstərici 2009-cu ilin yanvar-fevral aylarında 2,1 milyon barel təşkil edib. Bu barədə ABŞ-ın Dövlət Energetika İnformasiya İdarəsinin (EIA) məlumatında deyilir.
ABŞ 2008-ci ildə 26,8 milyon barel neftə nisbətdə 2009-cu ildə 27,5 milyon barel neft idxal edib. 2007-ci ildə ABŞ Azərbaycandan 20,6 milyon barel neft idxal edib. 2006-cı ildə bu göstərici 9,7 milyon barel neft təşkil edib.
Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu, nefti Türkiyə limanı Ceyhana çatdıran "Bakı-Tbilisi-Ceyhan" boru kəməridir.
Azərbaycanın yüngül nefti, həmçinin, "Bakı-Supsa" boru kəməri ilə Gürcüstan limanı Supsaya çatdırılır və oradan nəql edilir.
Neft, həmçinin, Bakıdan dəmiryol vasitəsilə Gürcüstanın Qara dəniz limanı Batumiyə və "Bakı-Novorossiysk" boru kəməri ilə Novorossiysk limanına çatdırılaraq nəql edilir.