Аzərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.İsmayılov/
Proqnozlara əsasən, Azərbaycanda növbəti ildə cari ildə nəzərdə tutulan 52,45 milyon ton neftə nisbətdə 53,6 milyon ton neft hasil olunacaq. Bu barədə iyunun 1-4-də Bakıda keçirilən "Xəzər neft, qaz, neft emalı və neft kimyası" sərgisində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) stendində təqdim olunan məlumatlarda göstərilib.
Ötən il ölkədə 50,42 milyon ton neft hasil olunub, 2008-ci ildə isə bu göstərici 44,53 milyon ton təşkil edib.
Məlumatlarda deyildiyi kimi, 2011-ci ildə xarici şirkətlərlə birgə hasil olunacağı planlaşdırılmış neftin ümumi həcmi 2010-cu ildə nəzərdə tutulan 44 milyontona qarşı 45,4 milyon ton olacaq.
2009-cu ildə bu göstərici ondan əvvəlki ildə olan təqribən 36 milyona nisbətdə 42 milyon ton təşkil edib.
Ölkədə hasil olunan neft və qaz kondensatının böyük hissəsi "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" neft-qaz dəniz yataqlarının payına düşür.
Həmçinin, proqnozlaşdırılmış məlumatlara əsasən, növbəti ildə ARDNŞ-nin öz vəsaitləri hesabına yataqlarda hasil etdiyi neftin həcminin azalması gözlənilir. Beləliklə, 2011-ci ildə ARDNŞ cari ildə nəzərdə tutulan 8,4 milyon tonaq qarşı 8,2 milyon ton neft hasil edəcək.
Ötən il ARDNŞ öz yataqlarında 8,54 milyon ton neft hasil edib, 2008-ci ildə bu göstərici 8,65 milyon təşkil edib.