...

ARDNŞ Rusiyaya qaz ixracının artırılması çərçivəsində işləri davam etdirir

Energetika Materials 1 Noyabr 2010 19:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ yaxın vaxtlarda Azərbaycandan Rusiyaya qaz tədarükü həcminin artırılması üçün qaz nəqli infrastrukturunda işlər çərçivəsində Siyəzəndə kompressor stansiyasının yenidən qurulması üzrə işləri başa çatdıracaq. Bu barədə bazar ertəsi ARDNŞ-dəki mənbə deyib.

"Kompressor stansiyasının yenidən qurulması üzrə işlər başaçatma mərhələsindədir", - mənbə qeyd edib.

Bundan əvvəl ARDNŞ-nin yüksək vəzifəli nümayəndəsi bildirib ki, Mozdok-Qazıməmməd qaz kəmərində təzyiqin artırılması üzrə işlər Azərbaycandan Rusiyaya qaz ixracı həcminin gələn ildən etibarən bir milyard kubmetrdən iki milyard kubmetrədək artırılması barədə qərar çərçivəsində həyata keçirilir.

Azərbaycandan Rusiyaya olan qaz kəmərinin gücü ildə dörd milyard kubmetr təşkil edir. Rusiya istiqamətində qaz nəqli infrastrukturunda işlər qaz tədarükünün 28 atmosferdən azı 36 atmosferədək artırılmasını nəzərdə tutur.

Sentyabrın əvvəlində ARDNŞ və Rusiyanın qaz inhisarçısı "Qazprom" qaz ixracı haqqında sazişə əlavə imzalayıblar. Həmin sənədə görə, 2011-ci ildən qaz alışı həcmləri ildə iki milyard kubmetrədək, 2012-ci ildə isə iki milyard kubmetdən çox təşkil edəcək.

Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda imzalanıb. 2010-2014-cü illəri əhatə edən müqavilə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə "Qazprom" şirkəti arasında imzalanıb. Müqaviləyə uyğun olaraq, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetrdən az olmayaraq qaz tədarük edəcək. Müqavilədə tədarük həcminin həddi göstərilməyib. ARDNŞ tədarük edə biləcəyi həcm barədə yarım il əvvəldən qarşı tərəfi xəbərdar edəcək.

Rusiyaya Azərbaycan qazının tədarükünə bu il yanvarın 1-dən başlanılıb.

Xəbər lenti

Xəbər lenti