...

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 45,8 faiz artıb

Energetika Materials 4 Noyabr 2010 13:03 (UTC +04:00)
Yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri 9 milyard 578,2 milyon manat, xərcləri 3 milyard 944,6 milyon manat təşkil edib. Bu barədə ARDNF-in cümə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycan Dövlət Neft Fondunun aktivləri 45,8 faiz artıb

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 9 milyard 578,2 milyon manat, xərcləri 3 milyard 944,6 milyon manat təşkil edib. Bu barədə ARDNF-in cümə axşamı yaydığı məlumatda deyilir.

Fonda daxilolmaların böyük hissəsi mənfəət neftinin və qazın satışından əldə olunub. Neft müqavilələrinin həyata keçirilməsindən gələn gəlirlər 9 milyard 458,7 milyon manat səviyyəsində, o cümlədən mənfəət neftinin satışından 9 milyard 346 milyon manat, tranzit ödənişlər üzrə 5,4 milyon manat təşkil edib. Bu dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən dividendlər 105 milyon manat olub. Yanvar-sentyabrda akrhesabı ödənişlər 1,2 milyon manat təşkil edib.

Hesabat dövründə xarici investorların verdikləri aktivlərdən gəlirlər 1,1 milyon manat təşkil edib. Yanvar-sentyabrda Neft Fondunun gəlirlərinin idarə olunmasından 119,5 milyon manat həcmində gəlir əldə olunub.

Neft Fondunun xərcləri strukturunda qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə 80 milyon, Samur-Abşeron suvarma kanalının yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 109,6 milyon, Oğuz-Qəbələ zonasından Bakıya su kəmərinin çəkilişinə isə 112,1 milyon manat vəsait ayrılıb.

Dövlət büdcəsinə transfertlər 3 milyard 625 milyon manat təşkil edib. 2007-2015-ci illər dövlət proqramı çərçivəsində azərbaycanlı tətləbələrin xaricdə təhsil almasına 3,8 milyon manat vəsait sərf olunub. Həmçinin Bakı-Tbilisi-Qars yeni dəmir yolunun tikintisi layihəsinin maliyyələşdirilməsinə 2,9 milyon manat yönəldilib.

Fondun idarə olunması üzrə xərclər 11,2 milyon manat təşkil edib. Valyuta məzənnələrinin fərqlərindən xərclər 164,9 milyon manat olub.

2010-cu il oktyabrın 1-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri bu ilin əvvəli ilə müqayisədə 45,8 faiz (14 milyard 900,4 milyon dollar) artaraq, 21 milyard 720,8 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti