...

EIA 2012-ci ildə OPEK ölkələrinin neft hasilatı proqnozunu artırıb

Energetika Materials 9 Mart 2011 17:10 (UTC +04:00)
2012-ci ildə OPEK ölkələrindən neft tədarükü dünyada karbohidrogenlərə tələbin ardıcıl olaraq artması və kartelə daxil olmayan ölkələrdən neft tədarükünün məhdud artımı ilə əlaqədar sutkada 1,9 milyon bareldən 31,45 barelədək çoxalacaq. Belə proqnozlar ABŞ Enerji İnformasiyaları Dövlət İdarəsinin (EIA) enerji bazarının qısamüddətli icmalı üzrə aylıq məruzəsində göstərilir.
EIA 2012-ci ildə OPEK ölkələrinin neft hasilatı proqnozunu artırıb

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir A.Bədəlova/

2012-ci ildə OPEK ölkələrindən neft tədarükü dünyada karbohidrogenlərə tələbin ardıcıl olaraq artması və kartelə daxil olmayan ölkələrdən neft tədarükünün məhdud artımı ilə əlaqədar sutkada 1,9 milyon bareldən 31,45 barelədək çoxalacaq. Belə proqnozlar ABŞ Enerji İnformasiyaları Dövlət İdarəsinin (EIA) enerji bazarının qısamüddətli icmalı üzrə aylıq məruzəsində göstərilir.

Ötən ay EIA gələn il üçün OPEK-in neft hasilatında artımı sutkada 1,2 milyon barel (sutkada 31,03 milyon barelədək) müəyyən etmişdi.

EIA gözləyir ki, Liviyada baş verən siyasi hadisələr nəticəsində müşahidə olunan neft hasilatında azalmanın yeri OPEK üzvü olan digər ölkələr tərəfindən hasilatın artırılması ilə doldurulacaq.

Liviya OPEK-ə üzv olan 12 ölkə arasında neft hasilatı üzrə səkkizinci, Afrikada isə Nigeriya və Anqoladan sonra üçüncü yeri tutur. Liviya neftinin əsas idxalçıları İtaliya, Almaniya, İspaniya, Fransa, Çin və ABŞ-dır. Avstriya, Böyük Britaniya, Yunanıstan, İsveçrə və b. daha az həcmdə neft idxal edir. Liviya nefti İtaliyanın neftə tələbatının 51 faizini, Almaniya - 13 və Fransanın 5 faizini ödəyir.

Beynəlxaql Enerji Agentliyinin (BEA) qiymətləndirmələrinə görə, ölkədə neft hasilatının azalma səviyyəsi sutkada 850 mindən 1 milyon barelədək təşkil edir.

EIA proqnozlarına görə, 2011-ci ildə OPEK ölkələrinin neft hasilatı sutkada 0,07 milyon bareldən 29,55 milyon barelədək artacaq. OPEK-in artıq ehtiyat gücü, EIA proqnozlarına görə, 2011-ci ildə sutkada 4,1 milyon barelədək, 2012-ci ildə isə sutkada 3,1 milyon barel (2010-cu ildə sutkada 4,4 milyon barelə qarşı) azalacaq.

OPEK-ə daxil olmayan ölkələrin neft hasilatı

EIA 2011 -ci ildə OPEK-ə daxil olmayan ölkələrdən neft tədarükünün sutkada 0,16 milyon barel artaraq 51,75 milyon barel təşkil edəcəyini proqnozlaşdırır.

EIA məruzəsinə görə, bu il neft hasilatında artım əsasən Çin və Braziliyada gözlənilir. Burada hasilatın illik artımının müvafiq olaraq sutkada 140 min və 170 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.

2012-ci ildə EIA OPEK-ə daxil olmayan ölkələrdə hasilatın cüzi - sutkada 51,72 milyon barelədək azalacağını proqnozlaşdırır.

2011-ci ildə Şimal dənizindən neft hasilatı sutkada 210 min barel, 2012-ci ildə isə sutkada 170 min barel azalacaq.

Keçmiş SSRİ ölkələrində neft hasilatı 2011-ci ildə sutkada 13,48 milyon barel, 2012-ci ildə isə 13,3 milyon barel həcmində proqnozlaşdırılır. Neft hasilatının ümumi həcmindən Azərbaycanın payına 2011-ci ildə sutkada 1,21 milyon barel, 2012-ci ildə 1,18 milyon barel, Qazaxıstanın payına 2011-ci ildə 1,75 milyon barel, 2012-ci ildə 1,82 milyon barel, 2011 və 2012-ci illərdə Türkmənistanın payına isə 0,21 milyon barel düşür.

EIA proqnozlarına görə, dünyada neft hasilatının həcmi 2011-ci ildə sutkada 0,97 milyon barel artaraq 87,42 milyon barel, 2012-ci ildə isə 2,18 milyon barel artaraq 89,6 milyon barel təşkil edəcək.

Dünyada neftə tələbat

sutkada 1,51 milyon barel artaraq 88,2 milyon barel təşkil edəcək. Bu il EIA proqnozlarına görə, 2011-ci ildə dünyada neftə tələbat dünyada neftə tələbatın ümumi həcmindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) payına sutkada 45,97 milyon barel, təşkilata daxil olmayan ölkələrin payına isə sutkada 42,23 milyon barel düşəcək.

2012-ci ildə EIA dünyada neftə tələbatın 1,68 milyon barel artaraq sutkada 89,88 milyon barelə çatacağını proqnozlaşdırır.

Gələn il İƏİT-də neftə tələbat 0,12 milyon barel artaraq sutkada 46,09 milyon barel, quruma üzv olmayan ölkələrdə isə 1,56 milyon barelədək artaraq sutkada 43,79 milyon barel olacaq.

Neftin qiymətləri

EIA 2011-cu ildə ABŞ-ın WTI neftinin qiymət proqnozunu bir barel üzrə 9 dollar artıraraq 102 dollar həcmində müəyyən edib.

2012-ci ildə EIA bu neftin gələcək cüzi qiymət artımının ötən ay proqnozlaşdırdığı 98 dollara qarşı 105 dollar olacağını gözləyir.

Bu həftə dünya bazarlarında neftin qiymətləri OPEK sədrinin kartel tərəfindən hasilatın həcminin artırılacağı barədə bəyanatı fonunda azalıb. Küveytin neft naziri Əhməd əl-Abdulla əs-Sabahın sözlərinə görə, OPEK təcili iclasın keçirilməsinin zəruriliyi və neft hasilatı kvotasının artırılması barədə məsləhətləşmələr aparır. O bildirib ki, bu məsələ ilə bağlı qərar hələ qəbul edilməyib.

Martın 8-də keçirilən hərracların nəticələrinə görə, Nyu-York əmtəə birjasının WTI üzrə aprel fyuçerslərinin dəyəri 0,42 dollar azalaraq bir bareli 105,02 dollar olub.

Brent üzrə aprel fyuçerslərinin qiyməti 1,98 dollar düşərək 113,06 dollar olub.

ABŞ Enerji İnformasiyaları Dövlət İdarəsi 1977-ci ildə ABŞ Konqresi tərəfindən yaradılan ABŞ Departamentinin energetika üzrə strateji agentliyidir.

Xəbər lenti

Xəbər lenti