Azərbaycan, Bakı, 26 may /Trend, müxbir E.İsmayılov/
Bir ay ərzində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və ölkənin Milli Elmlər Akademiyası (AMEA) Dövət Neft Şirkətinin Elm Fondunun nizamnaməsini hazırlayacaqlar. Bu barədə cümə axşamı ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirib.
"Bir ay ərzində Fondun nizamnamə və vəsait məsələsini həll edəcəyik. Sentyabradək fəaliyyət istiqamətini müəyyən etmək üçün artıq iyulda bu işlərə başlayacağıq", - Abdullayev deyib.
Onun sözlərinə görə, ARDNŞ neft-qaz və neft-kimya elmlərinin inkişafı üçün həyata keçirilməsi nəzərdə tutlan işlərin davam etdirilməsi üçün fonda müntəzəm şəkildə vəsait daxil edəcək.
"Fonda lazımi qədər vəsait daxil ediləcək", - Abdullayev bildirib.
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) cümə axşamı ARDNŞ-nin Elm Fondunun yaradılması üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıb.
Sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev və AMEA prezidenti Mahmud Kərimov imzalayıb.
İmzalanma zamanı qeyd olunub ki, fondun yaradılması neft-qaz sənayesində elmi tədqiqatların, təbii resurslar sahəsində tədqiqatların stimullaşdırılması, bu işlərin məqsədyönlülüyünün yüksəldilməsi və Azərbaycan elminin dünyanın elm məkanında ləyaqətlə təmsil olunması məqsədi daşıyır.
Bildirilib ki, ARDNŞ-nin Elm Fondu neft-qaz elmlərinin keyfiyyətcə yeni mərhələyə çıxması, neft kapitalının insan kapitalına çevrilməsi və gənc alimlərin texniki elmlərin inkişafında rolunun artıtılması üçün şərait yaradacaq.