...

ARDNŞ şəffaf tranzit qaz dəhlizinin yaradılması üzrə işləri davam etdirəcək - vitse-prezidentin müavini

Energetika Materials 3 İyun 2011 17:10 (UTC +04:00)
ARDNŞ 2011-2012-ci illərdə Avropa bazarlarına qaz tədarükünün təmin edilməsi üçün şəffaf tranzit dəhlizinin yaradılması işlərini davam etdirəcək.
ARDNŞ şəffaf tranzit qaz dəhlizinin yaradılması üzrə işləri davam etdirəcək - vitse-prezidentin müavini

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2011-2012-ci illərdə Avropa bazarlarına qaz tədarükünün təmin edilməsi üçün şəffaf tranzit dəhlizinin yaradılması işlərini davam etdirəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, söhbət təkcə "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsindəki qaz tədarükündən getmir. ARDNŞ eləcə də "Ümid" yatağından qaz hasilatı, "Babək" perspektiv strukturunun işlənməsi, Almaniyanın RWE şirkəti ilə "Naxçıvan" perspektiv strukturu üzrə müqavilənin bağlanması ilə bağlı planlara malikdir, dərin qaz hasilatı üzrə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin iştirakçıları ilə sıx danışıqlar aparılır.

Bəylərbəyov həmçinin qeyd edib ki, "Nabukko", ITGI, "Transadriatik qaz kəməri" boru kəməri konsorsiumları ilə danışıqlar aparılır, aralarında Rumıniya, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrin olduğu qaz alıcıları ilə danışıqlar davam etdirilir.

Həmçinin, Avropa ölkələrinin bazarlarına neft tədarükü ilə bağlı işlər davam edir. Aralıq dənizi bazarında Azərbaycan neftinin 45 faizə yaxını satılır. Daha 20 faiz isə Şimali Amerika bazarlarında satılır.

Bu gün Avrasiya neft nəqli dəhlizinin yaradılması işləri davam etdirilir. Bu layihənin həyata keçirilməsində Ukrayna, Polşa, Litva və Gürcüstan maraqlıdır.

ARDNŞ eləcə də Çexiya, Slovakiya və Macarıstana neft tədarükünün perspektivlərini nəzərdən keçirir ki, bu da 2016-cı ilədək enerjidaşıyıcıların nəqli marşrutlarını daha da şaxələndirməyə imkan verəcək.

Bəylərbəyovun sözlərinə görə, hazırda ARDNŞ fəaliyyətinin müxtəlif istiqamətlərini inkişaf etdirir. Onların arasında neft, neft-kimya məhsullarının pərakəndə satışı və qazın paylanması da var.

Xəbər lenti

Xəbər lenti