Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir A.Bədəlova/
Azərbaycan və Türkiyə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində qaz satışı üzrə müqavilənin hüquqi aspektləri üzrə razılığa gələ bilmirlər. Bunu ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xarici İnvestisiyalar İdarəsinin rəhbəri Vaqif Əliyev türkiyəli jurnalistlərlə görüşündə bildirib. Trend-in məlumatına görə, "Today's Zaman" yazır.
Onun sözlərinə görə, tərəflər tranzit ödənişi, qaz həcmləri və qazın nəqli də daxil olmaqla müqavilənin detallarının böyük hissəsi üzrə danışıqları başa çatdırıblar.
Əliyevin sözlərinə görə, "Şahdəniz-2" layihəsi üzrə boru kəmərlərinin tikintisi də nəzərə alınmaqla 25 milyard dollardan 30 milyard dollaradək təşkil edə biləcək investisiyaların həcmi zəmanətlə təmin olunmalıdır. Belə zəmanətin alınması vasitələrindən biri bütün tərəflərin maraqlarını təmin edə biləcək möhkəm hüquqi bazadır.
"Müqaviləni tənzimləyən hüquqi normalar Britaniya və ya İsveçrə normaları ola bilər", - Əliyev deyib.
Onun sözlərinə görə, ötən il BOTAŞ-la "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə imzalanan saziş Britaniyanın hüquq normaları ilə tənzimlənirdi - belə bir saziş yatağın işlənməsinin ikinci mərhələsində də olmalıdır.
"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.
"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.
Azərbaycanla Türkiyə arasında imzalanan müqaviləyə görə, sonuncu ildə "Şahdəniz" yatağından 66 milyard kubmetr qaz almalıdır. Yatağın işlənməsinin ikinci mərhələsində Türkiyəyə tədarükl ediləcək qazın həcmi altı milyard kubmetr qaz təşkil edəcək.