...

Azərbaycan və Türkiyə Avropaya qaz tranziti haqqında saziş imzalayıblar

Energetika Materials 25 Oktyabr 2011 19:11 (UTC +04:00)
Azərbaycan və Türkiyə çərşənbə axşamı qaz sazişləri paketini imzalayıblar.
Azərbaycan və Türkiyə Avropaya qaz tranziti haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan və Türkiyə çərşənbə axşamı qaz sazişləri paketini imzalayıblar. Paketə "Şahdəniz"in ikinci mərhələsindən sonra Azərbaycan qazının Türkiyə üçün qiyməti, 2017-ci ildən sonra bu yataqdan Türkiyəyə qaz tədarükünün həcmi, eləcə də Azərbaycan qazının Türkiyə ərazisindən nəqli üçün tranzit sazişi məsələləri daxildir. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" xəbər verib.

Türkiyənin "Star" qəzetinin yazdığına görə, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natıq Əliyev "Şahdəniz" yatağınının işlənməsinin ikinci mərhələsindən Azərbaycan qazının satışı və nəqli haqqında hökumətlərarası sazişi imzalayıblar.

Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkətinin idarə heyətinin sədri Fazil Şenel və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev qazın alqı-satqısı barədə sazişi imzalayıblar. BOTAŞ rəhbərliyi və "BP Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir arasında qazın tranziti ilə bağlı saziş imzalanıb.

Tranzit müqavilsi "Cənub dəhlizi" çərçivəsində Azərbaycan qazının Avropaya nəqli layihələrinin həyata keçirilməsi üçün lazımdır.

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsində hasil edilən qaza "Cənub dəhlizi" layihəsi üçün əsas mənbə qismində baxılır. "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycan Avropaya 10 milyard kubmetr həcmində qaz tədarük etməyi planlaşdırır.

Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Hazırda "Şahdəniz"in işlənməsi üzrə tərəfdaşlar Avropaya tədarük ediləcək Azərbaycan qazının marşrutunun müəyyənləşdirilməsi üçün bu boru kəmərləri layihələrindən təklifləri nəzərdən keçirirlər.

Xəbər lenti

Xəbər lenti