...

"Nabukko"nun tammiqyaslı həyata keçirilmə ehtimalı azalır - ABŞ Dövlət Departamenti

Energetika Materials 19 Yanvar 2012 18:25 (UTC +04:00)
"Nabukko" qaz kəmərinin tammiqyaslı həyata keçirilmə ehtimalı ildən-ilə daha azalır.
"Nabukko"nun tammiqyaslı həyata keçirilmə ehtimalı azalır - ABŞ Dövlət Departamenti

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

"Nabukko" qaz kəmərinin tammiqyaslı həyata keçirilmə ehtimalı ildən-ilə daha azalır. Trend-in cümə axşamı "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar "Təbii qaz və Ukraynanın enerji gələcəyi" konfransında məruzə ilə çıxışında bəyan edib.

"Nabukko" qaz kəməri layihəsi Xəzər regionu və Yaxın Şərqdən qazın Aİ ölkələrinə tədarükünü nəzərdə tutur. Boru kəmərinin tikintisi 2013-cü ildə nəzərdə tutulub. Kəmərlə ilk tədarük isə 2017-ci ildə gözlənilir. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr təşkil edir. Layihənin səhmdarları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir.

"Son vaxtlar aydın olub ki, maliyyə və vaxt baxımından layihəni həyata keçirmək daha çətindir", - Morninqstar deyib.

Onun sözlərinə görə, bu layihə artıq bir neçə il müzakirə edilir, bundan başqa, belə miqyaslı qaz kəmərinin həyata keçirilməsi xeyli vaxt tələb edir və bu zaman onun reallaşdırılması ilə bağlı problemlər yarana bilər.

Eyni zamanda, Morninqstar hesab edir ki, qaz sahəsində daha çox ehtiyacı olan ölkələrə, xüsusilə Balkan yarımadasına Cənub istiqaməti üzrə qazın tədarükünə diqqəti yönəltmək daha məqsədəuyğundur. Onun fikrincə, bu ideya xüsusən Türkiyə ilə interkonnektorun tikintisi yolu ilə həyata keçirilə bilər.

"Cənub dəhlizi" birmənalı olaraq işləyəcək, lakin onun gücünün artırılması tədricən olacaq, orada böyük həcmlər olmayacaq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti