Azərbaycan, Bakı, 30 yanvar / Trend müxbir E.İsmayılov/
Yeraltı qaz kəmərindən qaz sızması səbəbindən dayandırılan Bakının Nərimanov və Binəqədi rayonlarının qazla təchizatı yaxın vaxtda bərpa ediləcək. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
İB-dən deyildiyi kimi, kondisioner zavodunun yeraltı qaz kəmərində dünən saat 19:00-da sızma aşkar edilib. Təmir işlərinin aparılması üçün Nərimanov və Binəqədi rayonlarının qazla təchizatı qismən dayandırılıb.
"Sızmanın aşkar olunduğu yerdə təmir işlərinin aparılması üçün texnika gətirilib və hazırda işlər tamamlanır", -İB-dən deyiblər.
"Azəriqaz"dan deyildiyi kimi, göstərilən rayonların qazla təchizatı bir saat ərzində bərpa ediləcək.