...

Dünya Bankı Azərbaycanda enerji layihəsinin reallaşdırılmasını başa çatdırıb

Energetika Materials 3 Fevral 2012 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir N.İsmayılova/

Dünya Bankı (DB) Azərbaycanda enerjiötürücü xətlərin reabilitasiyası layihəsinin reallaşdırılmasına yekun vurub. Bu barədə Trend-ə cümə günü DB-nin Bakı nümayəndəliyindən məlumat veriblər.

"Bundan əvvəl sistemin sınağının keçirilməsi və işəsalma-sazlama işləri üçün layihənin müddətinin 2012-ci ilin aprelinədək uzadılması planlaşdırılmışdı. Lakin sonradan buna ehtiyac qalmadı. Layihənin reallaşdırılması yanvarda uğurla başa çatdı", - bankın nümayəndəliyindən bildiriblər.

DB bu layihənin reallaşdırılması üçün ümumi məbləği 55,4 milyon dollar olan vəsaitdən 48 milyon dollar ayırıb. Ölkə hökuməti layihənin maliyyələşdirilməsinə 7,4 milyon dollar ayırıb.

Dünya Bankının Direktorlar Şurası krediti 2005-ci il mayın 17-də təsdiq edib. Layihənin bilavasitə həyata keçirilməsinə 2006-cı ilin martından başlanılıb. Layihənin məqsədi elektrik enerjisi sektorunun etibarlılığı, stabilliyi və qənaətliliyinin təmin edilməsinə kömək edən elektrik enerjisi üzrə dispetçer sisteminin modernləşdirilməsi (SCADA sisteminin yaradılması), eləcə də yüksəkgərginlikli ötürücü xətlərin və bəzi yüksəkgərginlikli yarımstansiyaların bərpasıdır.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu müddət ərzində bankın ölkə qarşısında məcmu öhdəliyi 43 layihə üzrə təxminən 2,9 milyard dollardır.

Xəbər lenti

Xəbər lenti