...

Azərbaycan qazının Avropaya nəqli üzrə boru kəmərinin buraxılış qabiliyyəti açıqlanıb

Energetika Materials 10 Aprel 2012 13:35 (UTC +04:00)
Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Bədəlova/ Azərbaycan qazının Avropaya nəqli üçün boru kəməri ildə 24 milyard kubmetrədək artırılma imkanına malik olmalıdır. Burada məqsəd Azərbaycanın digər yataqlarından əlavə qazı tədarük etmək imkanının olmasıdır.
Azərbaycan qazının Avropaya nəqli üzrə boru kəmərinin buraxılış qabiliyyəti açıqlanıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Bədəlova/

Azərbaycan qazının Avropaya nəqli üçün boru kəməri ildə 24 milyard kubmetrədək artırılma imkanına malik olmalıdır. Burada məqsəd Azərbaycanın digər yataqlarından əlavə qazı tədarük etmək imkanının olmasıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda keçirilən Azərbaycanda neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin yaradılmasına həsr edilmiş forumda "BP Azerbaijan" şirkətinin prezidenti Rəşid Cavanşir bildirib.

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi layihəsi olduqca vacib strateji layihədir və onun missiyası Avropa üçün cəlbedici olan Xəzər qazını Avropa bazarına nəql etməyə imkan verəcək "Cənub dəhlizi"nin açılmasından ibarətdir" , - Cvanşir deyib.

"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsindən altı milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək və ən azı 10 milyard kubmetr qaz Türkiyə ərazisi ilə Avropaya tədarük ediləcək" , - Cavanşir qeyd edib.

Onun sözlərinə görə, Türkiyə ərazisi ilə qazın tranziti iki variantdan ibarətdir. Birincisi, Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkətinin mövcud infrastrukturunun modernləşdirilməsidir, ikincisi isə Türkiyə ərazisində TANAP-ın (Transanadolu qaz kəməri) tikintisidir.

Türkiyə və Azərbaycan Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinədək boru kəmərinin yaradılmasını planlaşdırır. Hazırda BOTAŞ-ın TANAP-da payı 20 faizdir, ARDNŞ-in payı isə 80 faiz təşkil edir.

"Bu həm Azərbaycan, həm də Türkiyə üçün vacib strateji layihədir. Biz paralel olaraq hər iki variant üzərində işləyirik" , - "BP Azerbaijan"ın prezidenti qeyd edib.

"Şahdəniz" yatağının ikinci mərhələsindən qazın nəqli üçün iki əsas istiqamət nəzərdə tutulur. Bunlar İtaliya (TAP) və Cənub-Şərqi və Mərkəzi Avropa (bura "Nabukko" və SEEP layihələri daxildir) istiqamətləridir.

"Bu yaxınlarda "Nabukko" yeni konsepsiya təqdim edib, buna müvafiq olaraq, qaz kəməri Türkiyə-Avropa sərhədindən başlaya bilər. Biz hazırda bu layihənin qiymətləndirməsini apararırıq. Hər iki layihə - "Nabukko" və SEEP çox maraqlıdır. İstiqamətin seçilməsi üçün biz transparent meyarlar yaratdıq və bunlara uyğun olaraq seçim ediləcək" , - Cavanşir deyib.

Xəbər lenti

Xəbər lenti