...

ARDNŞ-nin 3 milyard dollara yaxın borcu var

Energetika Materials 21 Sentyabr 2012 20:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) 3 milyard dollara yaxın borcu var. Bu barədə Trend-ə cümə günü ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

"Şirkətin borc səviyyəsi yüksək deyil. 3 milyard dollardan təqribən 1,5 milyard dollar bank kreditlərinin payına düşür, tədarükçülər və podratçılara olan borcumuz isə 1 milyard dollara yaxındır" , - Qasımov qeyd edib.

Onun sözlərinə görə, hələlik əlavə kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur.

"Gəlir və xərclərimizin smetası bizə ilin sonunadək əlavə 500 milyon dollar cəlb etməyə imkan verirdi, lakin hazırda bu vəsaitə ehtiyac yoxdur. Şirkət bu yaxınlarda "Deutsche Bank"dan 110 milyon dollar cəlb edib. "Citybank", RBS, "Societe Generale" bankları da bizə kredit verməyə hazırdırlar. Biz bu kreditləri zərurət yarananda cəlb edə bilərik", - Qasımov vurğulayıb.

Qasımov deyib ki, bütün kreditlərin ödənilməsi qrafik üzrə gedir.

"Xarici borcların qaytarılma müddəti müxtəlifdir. Kreditlərimiz əsasən qısa müddət ərzində (3 il) qaytarılmağa hesablanıb. Ödəniş müddətinın vaxtının çatmasından asılı olaraq, biz onları qaytarırıq. Məsələn, biz sentyabrın 16-da "BNP Paribas"a 200 milyon dollarlıq kreditin 33 milyon dollarını ödədik", - Qasımov qeyd edib.

Xəbər lenti

Xəbər lenti