Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
ARDNŞ prezidenti Rövnəq Abdullayev və Hindistanın Milli Neft şirkəti olan "ONGC Videsh Ltd"-nin idarəedici direktoru D.K.Sarrafın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə Hindistan şirkətinin "Azəri-Çiraq-Günəşli" (AÇG) layihəsinə və "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin işlənilməsinə dair hasilatın pay bölgüsü sazişi" üzrə tərəfdaşlardan olan "Hess" şirkətinin iştirak payına maraq göstərməsi məsələləri müzakirə olunub.
Azərbaycanda nüfuzlu xarici şirkətlərlə əməkdaşlıq sahəsində zəngin təcrübə qazanıldığını bildirən Abdullayev bu istiqamətdə ölkədə şəffaf qanunverici baza yaradıldığını, hasilatın pay bölgüsü (PSA) sazişlərinin qanun statusuna malik olduğunu söyləyib.
"ONGC Videsh Ltd"nin idarəedici direktoru D.K.Sarraf Hindistanın Milli Neft Şirkəti ilə ARDNŞ-nin iş üslubu və fəaliyyət tərzi arasında mühüm oxşarlıqlar olduğunu qeyd edib. O, Hindistanda neft sənayesinin Azərbaycanla müqayisədə daha sonralar yarandığını, 70 illik tarixə malik olduğunu və bu sənayenin inkişafında azərbaycanlı mütəxəssislərin mühüm rol oynadığını söyləyib. Sarraf bildirib ki, "ONGC Videsh Ltd" hazırda 15 ölkədə 30 layihə həyata keçirir.
İdarəedici direktor Azərbaycanda neft-qaz layihələrində iştirak etməkdə maraqlı olduqlarını və "Hess" şirkətinin iştirak payını əldə edəcəkləri təqdirdə "AÇG" layihəsinin gələcək inkişafına töhfə vermək istədiklərini söyləyib: "Hindistan neftçiləri Azərbaycana minnətdardırlar. Düşünürük ki, bu yolla öz tarixi borcumuzun bir hissəsindən çıxa bilərik".
ARDNŞ-nin xarici şirkətlərlə birlikdə həyata keçirilən PSA sazişlərində Azərbaycan dövlətinin adından çıxış etdiyini diqqətə çatdıran Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin son illər ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrdən, qazanılan uğurlardan ətraflı bəhs edib, əməkdaşlıq üçün geniş perspektivlər yarandığını söyləyib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.