...

Lənkəran və Biləsuvar rayonlarının yaşayış məntəqələrinə təbii qaz verilib

Energetika Materials 23 Noyabr 2012 17:13 (UTC +04:00)
Bu gün Lənkəran və Biləsuvar rayonlarının bir neçə yaşayış məntəqəsinə təbii qaz verilməsi münasibətilə tədbirlər keçirilib.
Lənkəran və Biləsuvar rayonlarının yaşayış məntəqələrinə təbii qaz verilib

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Bu gün Lənkəran və Biləsuvar rayonlarının bir neçə yaşayış məntəqəsinə təbii qaz verilməsi münasibətilə tədbirlər keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran rayonunun İstisu, Hirkan, Gərmətük qəsəbələri, Girdəni, Boladi, Bürcəli kəndlərinə və Lənkəran şəhərinin cənub məhəlləsindəki yaşayış massivinə təbii qazın verilişi münasibətilə keçirilmiş təntənəli mərasimdə ARDNŞ-nin vitse-presidenti Xalik Məmmədov, "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Xalik Məmmədov bildirib ki, son dövrdə ölkənin qaz təminatının yaxşılaşdırılması, təbii qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması, qaz şəbəkəsinin inkişafı istiqamətində ''Azəriqaz'' İB tərəfindən genişmiqyaslı işlər aparılır, ölkənin qaz təchizatı sistemində mövcud olan bir sıra problemlər aradan qaldırılır.

Lənkəran rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışan Məmmədov rayon ərazisində Birliyin apardığı təmir-bərpa və yenidənqurma işlərini diqqətə çatdırıb, həmin işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Hazırda rayonun 13 kəndində qazlaşdırma ilə bağlı işlərin tamamlanmaq üzrə olması, 18 kənddə isə işlərin davam etdirilməsi xüsusilə vurğulanıb. Çıxışlarda, həmçinin qeyd edilib ki, 724 abonenti olan İstisu qəsəbəsində, 400 abonenti olan Gərmətük qəsəbəsində, 358 abonenti olan Hirkan qəsəbəsində, eləcə də 350 abonenti olan Girdəni kəndində, 500 abonenti olan Boladi kəndində, 581 abonenti olan Bürcəli kəndində, 668 abonenti olan Lənkəran şəhərinin cənub məhəlləsində qazlaşdırma işləri birpilləli sistem əsasında müasir standartlara cavab verən polietilen borularla həyata keçirilib. Yaşayış məntəqələrində bütün abonentlər sayğacla təchiz olunub və həyətlərdə fərdi tənzimləyicilər quraşdırılıb.

Həmin gün Biləsuvar şəhərindəki yeni yaşayış massivinin qazlaşdırlmasının başa çatdırılması münasibəti ilə də mərasim keçirilib. Tədbirdə bildirilib ki, 600 abonenti olan yaşayış massivinin qazlaşdırılması üçün ümumi uzunluğu 11000 metr qaz xətti çəkilib, 600 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti