...

İran Fars körfəzində batan qazma platformasını çıxartmağa çalışır

Energetika Materials 30 Yanvar 2013 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbirlər E.Tariverdiyeva, F.Mehdi/

İranın "Pars" neft-qaz şirkətinin ekspertləri dünən Fars körfəzində batan "Cənubi Pars" qaz yatağının 13-cü fazasında dəniz platformasını çıxartmağa cəhd göstərirlər. Bu barədə Trend çərşənbə günü "Mehr News" agentliyinə istinadən məlumat verir.

"Sepehra Sepehri" şirkətinin direktor müavini bildirib ki, 1300 tonluq platformanın qaldırılması üzrə əməliyyat əlverişsiz hava şəraitinə görə çətinləşir.

Qeyd edək ki, platfortma dünən quraşdırılarkən batıb.

Platformanın tikintisinə 30 ay ərzində 40 milyon dollara yaxın vəsait qoyulmuşdu.

Proqnozlara görə, "Cənubi Pars" yatağının 13-cü fazasına çıxış gündə 50 milyon kubmetr qaz, 80 min barel qaz-kondensat, 2900 ton maye qaz və 400 ton kükürd təşkil etməli idi.

2012-ci ilin iyun ayında neft naziri Rüstəm Qasımi cari il ərzində (İran təqvimi üzrə) yatağın inkişafı layihəsinə 26 milyard dollar yatırım qoymağa çağırmışdı.

"Cənubi Pars" qaz yatağı İranla Qətər arasında bölünüb. İrandakı sahə 14 trilyon kubmetrə yaxın qaz və ya dünyadakı qaz ehtiyatlarının səkkiz faizə yaxını və 18 milyard bareldən artıq qaz-kondensata malikdir.

İran bu yaxınlarda yatağın 22-24-cü fazaları üzrə ilk istismar quyusunun qazılmasına başlayıb.

Hazırda İran bu yataqdan 300 milyon kubmetr qaz hasil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti