Azərbaycan, Bakı, 27 may /Trend/
Bu gün Yevlax, Ağsu və Xaçmaz rayonlarının daha 5 yaşayış məntəqəsinə təbii qazın verilib.
Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yevlax rayonunun İsmayılabad kəndinə təbii qazın verilişinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 65 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6457 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 65 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ağsu rayonunun Ağalarbəyli, Göydəlləkli və Qaraqoyunlu kəndlərinə ilk dəfə olaraq qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd olunub ki, 140 abonenti olan Ağalarbəyli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 7515 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 140 ədəd smart-kart tipli sayğac və fərdi tənzimləyici quraşdırılıb. 110 abonenti olan Göydəlləkli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 8075 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 110 ədəd smart-kart tipli sayğac və fərdi tənzimləyici quraşdırılıb. 259 abonenti olan Qaraqoyunlu kəndinin qazlaşdırılması üçün isə ikipilləli sistem əsasında 1240 metr uzunluğunda polietilen boru, 16495 metr uzunluğunda isə metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 ədəd qaztənzimləyici şkaf və 259 ədəd smart-kart tipli sayğac quraşdırılıb.
Həmin gün Xaçmaz rayonunun 3-cü şöbə yaşayış massivinin ilk dəfə olaraq qazlaşdırılması münasibətilə də tədbir keçirilib. Bildirilib ki, 38 abonenti olan massivin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 5000 metr olan polietilen, 1850 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 38 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.