Azərbaycan, Bakı, 25 iyul /Trend/
İyulun 25-də Buxarestdə "Qiymətlərin liberallaşdırılmasının enerji bazarına və istehlakçılara təsiri" mövzüsunda konfrans keçirilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, konfransda Rumıniyanın enerji məsələləri üzrə dövlət naziri Konstantin Nita, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, media təmsilçiləri iştirak ediblər.
ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin rəhbəri Həmzə Kərimov konfransda çıxış edərək, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı roldan danışıb, ötən ay TAP layihəsinin rəsmən elan edilməsi, SOCAR-ın Rumıniya, Gürcüstan, Ukrayna, Yunanıstan, Türkiyə və İsveçrədə yatırdığı investisiyalar və bir çox Avropa ölkələrindəki potensial investisiya araşdırmaları haqqında məlumat verib.
O, sammit iştirakçılarının suallarını ətraflı cavablandıraraq, ARDNŞ-nin Rumıniyanın enerji sektorunda investisiya layihələrini bundan sonra da davam etdirəcəyini vurğulayıb.