...

Bolqarıstan Azərbaycanla enerji sektorunda əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Energetika Materials 12 Fevral 2014 20:18 (UTC +04:00)
Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Bolqarıstanın energetika, iqtisadiyyat və turizm naziri Draqomir Stoynevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bolqarıstan Azərbaycanla enerji sektorunda əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Bolqarıstanın energetika, iqtisadiyyat və turizm naziri Draqomir Stoynevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə R.Abdullayev Azərbaycan ilə Bolqarıstan arasında sıx dostluq əlaqələrinin qurulduğunu qeyd edib, iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüş və fikir mübadilələrinin mühüm rol oynadığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "21-ci əsrin müqaviləsi" adlandırılan "Şahdəniz-2" layihəsinin yekun investisiya qərarının imzalanmasını xüsusi qeyd edən R.Abdullayev ölkəmizin enerji təhlükəsizliyinin tam təmin olunduğunu, region ölkələrinin enerji təhlükəsizliyində aparıcı yer tutduğunu, eyni zamanda, özünü bütün dünyada iri qaz ixracatçısı kimi təqdim etdiyini diqqətə çatdırıb. Azərbaycanda ixrac marşrutlarının diversifikasiyasına böyük əhəmiyyət verildiyini söyləyən Şirkət prezidenti yaxın perspektivdə Bolqarıstanla Azərbaycan arasında enerji sektorunda əməkdaşlığın daha yüksək templərlə inkişaf edəcəyinə əminliyini bildirib.

Bolqarıstanın energetika, iqtisadiyyat və turizm naziri D.Stoynev iki dost ölkə arasında əməkdaşlıq münasibətlərinin həqiqətən də yüksək səviyyəyə qalxdığını söyləyib, bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə, daha böyük intensivlik alacağına inamını ifadə edib. Qonaq Azərbaycanla bütün sahələrdə, xüsusilə, enerji sektorunda əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını söyləyib, bu sahədə qurulmuş əlaqələri yüksək qiymətləndirib.

D.Stoynev Azərbaycan qazının Avropaya nəql olunmasının böyük maraq kəsb etdiyini, Bolqarıstan hökuməti tərəfindən ixrac kəmərlərinin diversifikasiyası məsələsinə böyük önəm verildiyini vurğulayıb. Nümayəndə heyətini təqdim edən nazir ARDNŞ ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.

Görüşdə ARDNŞ-nin prezidenti R.Abdullayevə Azərbaycan qazının Bolqarıstana nəqli üçün mühüm əhəmiyyət daşıyan infrastruktur barədə, eləcə də bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilib.

Sonda tərəflər əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti