Azərbaycan, Bakı, 25 mart / Trend, müxbir E.İsmayılov /
Azərbaycan Nazirlər Kabineti tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət qaydalarını təsdiqləyib.
Trend-in məlumatına görə, yeni qaydalar aşağıdakı tikililərə şamil edilir: mədəni və tarixi abidələr siyahısına daxil edilən bina və qurğulara (tikililərə), məbədlərə; hündürlüyü üç mərtəbədən çox olmayan fərdi yaşayış və bağ evlərinə; tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə.
Qaydalara əsasən, bina və tikililər enerji səmərəliliyi təminatı və enerji resurslarına qənaət imkanları nəzərə alınaraq inşa edilməlidir.
Enerji resurslarına qənaət və layihə sənədlərinin enerji səmərəliliyi bölməsində layihələşdirilən binaların və tikililərin ümumi enerji xarakteristikası, binaların və tikililərin enerji pasportu, enerji səmərəliliyi nöqteyi-nəzərindən binaların və tikililərin təsnifatı nəzərdə tutulur.