...

Karbamid zavodunun tikintisi ilə bağlı layihənin idarə edilməsi məqsədilə tender elan olunur

Energetika Materials 27 Mart 2014 21:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Sumqayıt şəhərində Azot gübrəsi - karbamid istehsalı zavodunun tikintisi ilə bağlı layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin satın alınması məqsədi ilə açıq tender elan edir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tenderdə müvafiq beynəlxalq iş təcrübəsinə, zəruri maliyyə və texniki imkanlara, təcrübəli işçi heyətinə malik bütün hüquqi şəxslər, yaxud hüquqi şəxs birlikləri iştirak edə bilərlər. BMT tərəfindən ticarət əlaqələrinin qurulmasına sanksiya qoyulmuş ölkələr, ticarət münasibətlərinin qurulması ARDNŞ-nin avrobondların buraxılması ilə əlaqədar götürdüyü öhdəliklərə xələl gətirə biləcək ölkələr, Azərbaycan Respublikası ilə müharibə şəraitində olan və ya onun suverenliyinə təhdid yaradan ölkələr, respublikamızın tərəfdaş olduğu beynəlxalq müqavilələr üzrə ticarət münasibətlərinin qurulması məhdudlaşdırılan ölkələrdən olan şəxslərin tenderdə iştirakına yol verilmir və belə ölkələrlə birbaşa bağlılığı olan təkliflərə baxılmır. Eyni zamanda, ARDNŞ-nin etibarsız mal göndərənləri (podratçıları) hesab edilən və ya Şirkətə qarşı hər hansı gözlənilən məhkəmə işi və ya arbitraj mübahisəsi olan şəxslər iddiaçı qismində çıxış edə bilməzlər.

Zərflərin açılışı 16 may 2014-cü il tarixində, saat 15:00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə ARDNŞ-nin Bakı şəhəri, Neftçilər prospekti, 73 ünvanında yerləşən baş ofisində keçiriləcək.

Tender Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq keçirilir. Tenderdə "İddiaçı" statusu almaq istəyən namizədlər aşağıdakı sənədləri Azərbaycan və ya ingilis dillərində təqdim etməlidirlər: tender prosedurunda iştirak etmək üçün yazılı müraciət; tenderdə iştirak haqqının ödənilməsi barədə müvafiq bank sənədi; iddiaçının dövlət qeydiyyatı haqqında müvafiq sənədin notarial qaydada və ya apostil ilə təsdiq olunmuş surəti; iddiaçının nizamnaməsinin (əsasnaməsinin) eyni qaydada təsdiq edilmiş surəti; vergi və s. icbari ödənişlərə dair borclarının olub-olmaması haqqında müvafiq vergi orqanları tərəfindən verilmiş arayış (sənədlərin təqdim edildiyi tarixə); Ammonyak/Karbamid zavodlarının tikintisi layihələrinin idarəedilməsi və müstəqil təftiş xidmətləri üzrə son 10 ildəki beynəlxalq iş təcrübəsi barədə məlumat (sifarişçi, texnologiya lisenziarları, layihənin iş həcmi və icra olunduğu yer, icra qrafiki, subpodratçılar və s. göstərilməklə); müqavilə bağlamaq üçün səlahiyyətin olması barədə məlumat; son 3 ildəki maliyyə dövriyyəsi haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri; eyni dövr üçün maliyyə vəziyyətini əks etdirən və vergi orqanı və ya aidiyyatı digər fiskal orqan tərəfindən təsdiq olunmuş balansı; məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması haqqında icra olunmamış məhkəmə qərarının olub-olmaması barədə məlumat.

Əsas Şərtlər Toplusunu (ƏŞT) əldə etmək üçün 10 min avro məbləğində iştirak haqqı ARDNŞ-nin aşağıda göstərilən bank hesabına köçürmə yolu ilə ödənilməlidir (iddiaçı statusu almaq üçün ARDNŞ-yə ödənilən iştirak haqqı heç bir halda geri qaytarılmır):

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
Azərbaycan, Bakı şəhəri, AZ 1000, Neftçilər prospekti 73
VÖEN: 9900003871
Muxbir Bank: Commerzbank AG, Frankfurt am Main
S.W.I.F.T: COBADEFF
Hesab # 400 88 660 3001
Benefisiar Bank: Beynəlxalq Bankın "Iba Premyer" Müştəri Xidmətləri
Nizami küçəsi, 67. Tel.: (+99450) 493-68-23
S.W.I.F.T.-Bik IBAZAZ2X
Hesab # AZ08IBAZ38110019789306332120 (AVRO)

İddiaçılar tender təklifləri ilə birlikdə, müqavilənin ehtimal olunan dəyərinin 2 faizi həcmində A- (Standard & Poor's) və ya A3 (Moody's) və ya daha yüksək dərəcə ilə London və Bakı şəhərlərində bank fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyata alınmış nüfüzlu beynəlxalq bank tərəfindən verilmiş tender təklifinin bank təminatını təqdim etməlidirlər. Tender təklifinin bank təminatının qüvvədə olma müddəti bu təklifin qüvvədə olma müddətindən sonra ən azı 30 iş günü etibarlı olmalıdır.

ARDNŞ satın alma prosedurları zamanı iddiaçının ixtisas göstəricilərini əks etdirən sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada təsdiq olunmasını və rəsmiləşdirilməsini tələb edə bilər. İddiaçının öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyi müəyyən olunarsa, tenderdən kənarlaşdırılacaq.

Tenderin tələblərinə cavab verməsi müəyyən edilmiş potensial iştirakçılar ARDNŞ ilə məxfilik sazişləri bağladıqdan və tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən sənədi (məsələn, ödəniş tapşırığını) təqdim etdikdən sonra aşağıda qeyd olunmuş əlaqələndirici şəxsə yazılı şəkildə müraciət edərək 10 iş günü ərzində ƏŞT-nin Azərbaycan və ingilis dillərində elektron və ya çap versiyasını əldə edə bilərlər. Bundan başqa, bütün növ əlavə məlumatlar üçün həmin şəxslə əlaqə saxlanılmalıdır. Əlaqələndirici şəxs: ARDNŞ-nin Emal Layihələrinin İdarə edilməsi şöbəsinin rəisi Elməddin Dadaşov. Ünvan: Azərbaycan, Bakı şəhəri, AZ 1000, Neftçilər prospekti, 73; tel/faks: +(994 12) 521 01 55; mobil: +(994 50) 280 75 10; e-mail: [email protected]

Texniki və maliyyə xüsusiyyətləri və təcrübə baxımından ARDNŞ-nin müəyyən etdiyi qiymətləndirmə meyarları üzrə kifayət qədər məzmun və keyfiyyət üzrə yüksək ballar toplayanlar arasında ən sərfəli təklifi təqdim edən iddiaçı tenderin qalibi elan olunacaq. Bu barədə tenderin qalibinə müvafiq bildiriş göndəriləcək və onunla müqavilə bağlanılacaq.

Tender təklifi bir əsli, iki surəti və bir elektron variantda surəti (diskə yazılmış) olmaqla ayrı-ayrı möhürlənmiş zərflərdə 15 may 2014-cü il tarixdə Bakı vaxtı ilə saat 12:00-dək yuxarıda göstərilmiş ünvanda əlaqələndirici şəxsə təqdim olunmalıdır. Həmin tarixdən və vaxtdan sonra təqdim olunan tender təklifləri zərflər açılmadan qəbul edilmir və geri qaytarılır.

ARDNŞ Əsas Şərtlər Toplusuna əlavələr və düzəlişlər etmək hüququna malikdir. Bu barədə bütün iddiaçılara məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti