...

Azərbaycan və Qazaxıstan neftçi-geoloqları arasında müqavilə imzalanıb

Energetika Materials 16 May 2014 18:00 (UTC +04:00)
ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Qazaxıstan Neftçi-Geoloqlar Cəmiyyətinin prezidenti, akademik Baltabek Kuandıkovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan və Qazaxıstan neftçi-geoloqları arasında müqavilə imzalanıb

Azərbaycan, Bakı, 16 may /Trend/

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Qazaxıstan Neftçi-Geoloqlar Cəmiyyətinin prezidenti, akademik Baltabek Kuandıkovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, X.Yusifzadə hələ Sovet dövründə Xəzər dənizinin Qazaxıstan sektorunda neft-qaz strukturlarının kəşfiyyatında və Qazaxıstanın enerji sektorunun inkişafında Azərbaycanın neftçi-geoloqlarının mühüm rol oynadığını qeyd edib. O, qonaqlara Azərbaycanda neft sənayesində son illər həyata keçirilən qlobal və regional əhəmiyyətli layihələr haqqında ətraflı məlumat verərək, bu layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən söz açıb.

Qazaxıstan Neftçi-Geoloqlar Cəmiyyətinin prezidenti B.Kuandıkov Azərbaycanın enerji sektorunda əldə olunmuş uğurları, ölkəmizdə həyata keçirilən neft-qaz layihələrinin regional və qlobal əhəmiyyətini yüksək qiymətləndirib. Qonaq qeyd edib ki, Sovet dönəmində azərbaycanlı geoloqlarla Xəzərin Qazaxıstan hissəsində birgə fəaliyyət müsbət nəticələr verib.

Daha sonra B.Kuandıkov ARDNŞ-nin birinci vitse-prezidenti, akademik X.Yusifzadəyə Qazaxıstan Neftçi-Geoloqlar Cəmiyyətinin fəxri üzvü şəhadətnaməsini və döş nişanını təqdim edib.

Görüşdə, habelə Azərbaycan Neftçi-Geoloqlar Cəmiyyətinin sədri, geologiya-mineralogiya elmləri doktoru Akif Nərimanovun Qazaxıstan Neftçi-Geoloqlar Cəmiyyətinin, B.Kuandıkovun isə Azərbaycan Neftçi-Geoloqlar Cəmiyyətinin üzvü seçildiyi bildirilib.

Daha sonra iki ölkənin Neftçi-Geoloqlar cəmiyyətləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə əsasən, Azərbaycan və Qazaxıstan neftçi-geoloqları elmi, geoloji kəşfiyyat işləri, eləcə də kadr mübadiləsi və məsləhətləşmələr həyata keçirəcəklər. İclasda Azərbaycan Neftçi-Geoloqlar Cəmiyyətinin BP, Total, Statoyl şirkətlərindən olan üzvləri də iştirak ediblər.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da müzakirələr aparılıb, sonda xatirə şəkili çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti