...

Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi üzrə daha bir müqavilə imzalanıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 26 May 2014 15:46 (UTC +04:00)
Cənubi Qafqaz Boru Kəməri Şirkəti və "Şahdəniz" konsorsiumu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə daha bir əsas müqavilə imzalayıblar.
Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi üzrə daha bir müqavilə imzalanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir E.İsmayılov/

Cənubi Qafqaz Boru Kəməri Şirkəti və "Şahdəniz" konsorsiumu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə daha bir əsas müqavilə imzalayıblar.

"BP Azərbaycan" şirkətindən Trend-ə verilən məlumata görə, bu müqavilə boru kəmərinin tikintisi işləri üzrədir.

Trend-in məlumatına görə, BP-nin "Şahdəniz" layihəsi üzrə vitse-prezidenti Yuan Drammond imzalanma mərasimi zamanı deyib ki, "Şahdəniz"in işlənməsiin ikinci mərhələsi çərçivəsində ümumi məbləği 8 milyard dollardan artıq 15 iri müqavilə imzalanıb.

Onun sözlərinə görə, 2017-ci ilədək "Şahdəniz-2" layihəsi çərçivəsində işlərin böyük hissəsi başa çatacaq.

Bundan əvvəl isə ümumilikdə 14 müqavilə elan edilmişdi və bunlar da "Şahdəniz-2" layihəsinin qrafik üzrə irəliləyişinin göstəricisidir. Əsas müqavilələrin əksəriyyəti artıq bağlandığından Bakıdakı tikinti sahələrində işlər başlayıb.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: "İndi artıq biz boru kəmərinin genişləndirilməsi və bununla bağlı yerüstü qurğuların tikintisi üçün Azərbaycanda və Gürcüstanda aparılacaq işlər üzrə müqavilələrin əksəriyyətini imzalamışıq. Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, tikintinin əksər hissəsi Azərbaycanda və Gürcüstanda yerli şəraitdə həyata keçiriləcəyindən hər iki ölkəyə xeyir gətirəcək. Bu, böyük irəliləyişdir. Biz məmnunuq ki, həm "Şahdəniz-2", həm də CQBKG layihəsi bütün sahələrdə irəliləməkdədir. Tikinti sahələrində dayaq blokları və üst modullar üzrə işlər, habelə terminalın genişləndirilməsi üzrə işlər artıq başlanıb. Dənizdə isə "İstiqlal" və "Heydər Əliyev" adına qazma qurğularından istifadə etməklə qazma işləri uğurla davam edir. 2018-ci ilin sonlarında ilk qazın əldə edilməsinə hazırlıq yönümündə artıq beş hasilat quyusu qazılıb".

Boru kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin tikintisi üçün müqavilə "Saipem/Azfen" şirkətinə verilib. Bu, "Saipem Contracting Netherlands BV" və "Azfen BM" şirkətlərinin birgə müəssisəsidir.

Bu müqavilə üzrə görüləcək işlər bunlardır: Azərbaycan və Gürcüstanda 428 km uzunluğunda boru kəməri və əlaqədar yerüstü qurğuların, o cümlədən bağlayıcı siyirtmələrin, ərsinləmə obyektinin və birləşdirici qovşaqların tikintisi; Gürcüstanda 59 km uzunluğunda daha bir boru kəməri hissəsinin və bununla bağlı yerüstü qurğuların tikintisi.

Bu müqavilənin dəyəri 735 milyon dollar təşkil edir və o, CQBKG-nin tikintisi işlərinin başlanmasına doğru mühüm bir addımdır. İşlərin 2015-ci ilin yanvar ayında başlanması planlaşdırılır. Boru kəmərinin Gürcüstan hissəsinin mexaniki tamamlanmasının 2016-cı ilin sonuna qədər, Azərbaycan hissəsində isə 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti