...

Rövnəq Abdullayev: "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində 45 milyard ABŞ dolları həcmində sərmayə qoyulacaq

Energetika Materials 20 Sentyabr 2014 12:53 (UTC +04:00)
Azərbaycan Prezidenti dünən neftçilərin böyük bir qrupunu yüksək dövlət təltiflərinə layiq görmüşdür.
Rövnəq Abdullayev: "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində 45 milyard ABŞ dolları həcmində sərmayə qoyulacaq

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Seymur Əliyev/

"Azərbaycan Prezidenti dünən neftçilərin böyük bir qrupunu yüksək dövlət təltiflərinə layiq görmüşdür. Bu, möhtərəm Prezidentin neftçilərə daim göstərdiyi diqqət və qayğının təzahürüdür. Mən bütün neftçilər adından, tərəfdaş şirkətlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm". Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bu gün Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində çıxışı zamanı deyib.

R.Abdullayev bildirib ki, Azərbaycanın qədim neft tarixi var: "Neftin sənaye üsulu ilə çıxarılmasının, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinin, offşor qazmasının erasının əsası Azərbaycanda qoyulmuşdur. 20-ci əsrin əvvəllərində dünyanın hasil edilən neftinin yarısını Azərbaycan neftçiləri çıxarırdı. 90-cı illərdə isə şirkətimiz "Əsrin müqaviləsi" üzrə öz iştirak payını belə ödəyə bilmirdi. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyası nəticəsində Azərbaycan böyük yüksəliş yoluna qədəm qoydu, ötən 20 ildə ölkənin siması dəyişdirildi, iqtisadiyyat şaxələndirildi, neftdən gələn gəlirlər insan kapitalına çevrildi, SOCAR-ın imkanları genişləndi".

ARDNŞ prezidenti deyib ki, bu gün "Cənub Qaz Dəhlizi"nin təməli qoyulur: "Bu layihə Avropanın enerji təhlükəsizliyinə yönəlmişdir. Biz dünyanın ən böyük, eyni zamanda, ən mürəkkəb qaz-kondensat yataqlarından biri olan "Şahdəniz" yatağının işlənməsini uğurla həyata keçiririk. İşlənmənin ikinci mərhələsində tərəfdaşlarımızla birlikdə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, TANAP və TAP kimi nəhəng qaz kəmərlərini inşa edəcəyik. Bu layihələrə 45 milyard ABŞ dolları həcmində sərmayə qoyulacaqdır. SOCAR artıq dünya neft-qaz bazarına inamla daxil olmuşdur. Biz bu gün "Cənub Qaz Dəhlizi"nin marşrutu boyunca böyük investisiya layihələri həyata keçiririk. Bu ölkələrin bəzilərində isə ən iri sərmayəçiyik. Qazanılmış nailiyyətlər də təsdiq edir ki, bu inkişaf davamlı olacaq, neftçilərimiz 21-ci əsrin layihələrini də vaxtında və yüksək keyfiyyətlə yerinə yetirəcəklər. 2018-ci ildə Azərbaycan qazı Türkiyəyə, 2019-cu ildə isə Avropaya çatdırılacaqdır. 2020-ci ildə isə biz bir böyük Avropa ailəsi kimi Bakıda möhtəşəm futbol bayramını birlikdə qeyd edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti