...

"Neft Daşları" üçün yeni özülün inşası davam edir

Energetika Materials 18 Noyabr 2014 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

"Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında "Neft Daşları" yatağında quraşdırılması nəzərdə tutulan yeni 602A saylı stasionar dəniz özülünün tikinti işləri uğurla davam etdirilir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 14 istismar quyusunun qazılması üçün inşa edilən özül dənizin 18 metr dərinliyində yerləşdiriləcək. Özül yaşayış bloku, vertolyot meydançası, 2 ədəd qaldırıcı kran və digər zəruri avadanlıqlarla təchiz olunacaq, burada 8 ədəd dayaq bloku, 8 ədəd aralıq seksiyası, 11 ədəd minik-yanalma meydançası, 2 ədəd piyada körpüsü, 14 ədəd quyu istiqamətləndiricisi və 1 ədəd qülləaltı postamentin quraşdırılması nəzərdə tutulur.

İndiyədək 8 ədəd dayaq bloku, 8 ədəd aralıq seksiyası, 4 ədəd minik meydançası, 4 ədəd yanalma meydançası və 30 ədəd konsol quraşdırılıb, 48 ədəd svay vurulmuş, 39 ədəd svay sement məhlulu ilə doldurulub.

"Neftqaztikinti" Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilən işlərin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti