Rus xəbərlər xidməti
Emil İsmayılov - Trend:
Avropa İttifaqı (Aİ) ilə Rusiya arasında qarşıdurma demək olar ki, ən son həddə çatıb. Rusiya bütün mümkün istiqamətlər üzrə hücuma keçərək yeni bazarlar mənimsəməyə çalışır. Və Aİ belə şəraitdə lazımi tədbirlər görmək zərurəti qarşısında qalır.
Bu arada böyük bir sual yaranır: nəyə görə Rusiya təkliflərlə çıxış edir və yeni qaz nəqli infrastrukturunun yaradılmasına qədər möhtəşəm enerji layihələrini reallaşdırmağa hazır olduğunu ifadə edir, amma qaz nəqli marşrutlarının şaxələndirilməsi və öz enerji təhlükəsizliyinin təminatı üçün mübarizə aparan Avropa İttifaqı bütün bu müddət ərzində gözləmə mövqeyi tutur?
Hazırda Rusiya Türkiyəyə qaz ixracı sahəsində əməkdaşlığın genişləndirilməsini təklif edir. Rusiya tərəfi, həmçinin Mərkəzi Asiya bazarlarının mənimsənilməsi üzrə fəal iş aparır. Öz növbəsində, Ankara Aİ-nin Rusiyaya sanksiyalar tətbiq etməsinə baxmayaraq, onunla əməkdaşlıq etmək niyyətindədir.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqunun sözlərinə görə, Rusiya ilə əməkdaşlığın genişləndirilməsinə dair qərar ("Türkiyə axını"nın tikintisi) hər iki ölkə üçün bu layihənin rentabelliyindən asılıdır. Transanadolu qaz kəməri (TANAP) və Rusiyadan Türkiyəyə yeni qaz kəmərinin tikintisi qarşılıqlı tamamlayıcı ola bilər.
Aİ Rusiya qazından asılılığı azaltmaq və mavi yanacağın nəqli marşrutlarını genişləndirmək mövqeyini tutur. Lakin bu, kifayət deyil. İttifaq Türkiyə tərəfinə daha sərfəli və rəqabətədavamlı təklif verməlidir.
Bu vəziyyətdə Aİ-nin Xəzər dənizi, daha sonra isə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisi vasitəsilə Türkmənistan qazının Avropa bazarlarına ixracını nəzərdə tutan Transxəzər qaz kəməri layihəsinin reallaşdırılması üzrə səyləri fəallaşdırması üçün çox əlverişli şərait yaranır.
Qeyd edək ki, Qara dəniz vasitəsilə Rusiyadan Türkiyəyə qaz kəmərinin tikintisi ilə bağlı xam ideyadan fərqli olaraq, Transxəzər qaz kəməri artıq işlənib. Belə ki, Transxəzər qaz kəmərinin tikintisi məsələsi artıq çoxdandır gündəlikdədir və tərəflərin hamısı bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Türkmənistan öz sərhədində qaz satmağa hazırdır, Aİ əlavə qaz həcmlərinin cəlb edilməsinə hazırdır, Azərbaycan isə öz qaz nəqli infrastrukturundan istifadəyə icazə və Avropaya gələcək qaz nəqli imkanları verə bilər.
Hazırkı şəraitdə aydın olur ki, bu layihə Aİ-yə hamıdan çox lazımdır. Və indi hərəkət etməyin əsl vaxtıdır! Yəni Avropa tərəfi dəqiq və təsirli ölçülər, maliyyələşdirmə mexanizmləri təklif edəcəyi və bu layihəyə şirkətləri cəlb edəcəyi zaman proses Türkmənistan və Azərbaycanla danışıqlar növbəsindən aktiv iş vəziyyətinə keçməlidir. Bütün bunlar reallığa çevrilsə, iş ölü nöqtədən tərpənə bilər. Bunların hamısı həm Türkmənistanın, həm də Azərbaycanın layihədə iştiraka marağının artması üçün maliyyə iştirakının mümkünlüyünə qədər şərait yaradar.
Türkiyə və Rusiyanın yaxınlaşmasını nəzərə aldıqda aydın olur ki, Aİ yeni qaz tədarükü mənbələrinə indiki qədər heç vaxt maraq göstərməyib. Və həmin mənbələrdən birinin Türkmənistan olması tamamilə mümkündür. Bütün tərəflər öz məqsədlərinə çatacaqlar: Aİ yeni qaz tədarükü mənbələri, Azərbaycan qaz nəqli prosesindən dividendlər əldə edəcək. Rusiya isə yeni variantlar axtarmalı olacaq.