Azərbaycan, Bakı, 14 aprel /Trend/
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Serbiyanın Baş naziri Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, R.Abdullayev Azərbaycan və Serbiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu, siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli perspektivlər olduğunu bildirib.
Azərbaycana səfərindən məmnun olduğunu deyən Serbiyanın Baş naziri A.Vuçiç iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib, "Cənub Qaz Dəhlizi" layihəsinə böyük maraq göstərdiklərini deyib.
SOCAR prezidenti Azərbaycanın qədim neft diyarı olduğunu, Bakı neftçilərinin dünya neft sənayesinin inkişafına əvəzolunmaz töhfələr verdiyini xatırladaraq bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan enerji strategiyası hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Qonaqlara SOCAR haqqında ətraflı məlumat verən R.Abdullayev şirkətin Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələrin əsas iştirakçısı olduğunu vurğulayıb, bu layihələrin uğurla həyata keçirilməsində onun rolundan və fəaliyyət istiqamətlərindən söhbət açıb. "Cənub Qaz Dəhlizi"nin Avropanın enerji təhlükəsizliyində mühüm yer tutduğunu vurğulayan SOCAR prezidenti "Şahdəniz-2" layihəsinin bu dəhlizin açılmasında ilk və vacib əhəmiyyətli mərhələ olduğunu qeyd edib. O, eyni zamanda bildirib ki, Azərbaycanda kəşf olunmuş "Ümid", "Abşeron" yataqlarının və digər perspektivli strukturların işlənilməsi də "Cənub Qaz Dəhlizi"nin gələcəyi ilə sıx bağlıdır.
Serbiya hökumətinin başçısı Azərbaycanın son illər etibarlı neft və qaz təchizatçısı kimi tanındığını diqqətə çatdırıb, ölkəmizdə hasil olunacaq təbii qazın gələcəkdə "Cənub Qaz Dəhlizi" vasitəsilə Serbiyaya da nəql ediləcəyinə böyük ümid bəslədiklərini deyib. O, Azərbaycanın "Şahdəniz" və digər qaz yataqlarından hasil olunacaq təbii qaz həcmlərinə Serbiyanın ehtiyaclarının qarşılanmasında prioritet kimi baxıldığını qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.