Azərbaycan, Bakı, 15 aprel /Trend/
Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"na uyğun olaraq, "Azəriqaz" İstehsalat Birliyinin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-mart aylarında 64 159 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.
Təbii qazdan təhlükəsiz istifadə olunması və gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə bundan sonra da texniki baxışlar davam etdiriləcək.
"Azəriqaz" İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.