Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Orxan Quluzadə/
Türkmənistan qazının Transxəzər qaz kəməri vasitəsilə Türkiyə və Avropa kimi bazarlara tədarükü bu layihəni Türkmənistan üçün vacib gəlir mənbəyi edir.
Bunu Trend-ə müsahibəsində Türkiyənin energetika və təbii ehtiyatlar naziri Əli Rza Alaboyun deyib.
Onun sözlərinə görə, bu layihənin reallaşdırılması regionun inkişafına xidmət edə bilər: "Transxəzər qaz kəməri kimi layihələr böyük karbohidrogen ehtiyatlarına malik Azərbaycan və Türkmənistanın Avropaya inteqrasiyası üçün vacib rol oynaya bilər".
Nazir qeyd edib ki, Transxəzər qaz kəməri layihəsinin reallaşdırılması təbii qaz tədarüklərinin təhlükəsizliyinə də xidmət edir.
Türkmənistanın dünya qaz bazarında əhəmiyyətinə gəlincə, Ə.R.Alaboyun bildirib ki, bu ölkə təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yeri tutur və Rusiyaya, Çinə qaz ixrac edir. Türkiyənin qaz alışı haqqında Türkmınistanla müqaviləsi var.
Nazir Transxəzər qaz kəməri layihəsinin reallaşdırılmasının qardaş türkdilli ölkələr arasında qarşılıqlı mənfəətli əlaqələrin inkişafında vacib töhfə ola biləcəyini istisna etməyib.