...

"Türk axını"nın zəruri olub-olmadığı tezliklə bilinəcək

Energetika Materials 23 Oktyabr 2015 08:00 (UTC +04:00)
“Türk axını” layihəsinin reallaşdırılmasının zəruriliyi məsələsi yaxın vaxtlarda aydın olacaq.
"Türk axını"nın zəruri olub-olmadığı tezliklə bilinəcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Orxan Quluzadə/

"Türk axını" layihəsinin reallaşdırılmasının zəruriliyi məsələsi yaxın vaxtlarda aydın olacaq. Bunu Trend-ə müsahibəsində Türkiyənin energetika və təbii ehtiyatlar naziri Əli Rza Alaboyun deyib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə arasında "Türk axını"nın reallaşdırılması haqqında hökumətlərarası sazişə noyabrın 1-də Türkiyədə keçiriləcək parlament seçkilərindən sonra baxılacaq.

Nazir qeyd edib ki, bu layihə Rusiyanın təşəbbüsüdür və "Qazprom"la BOTAŞ arasında imzalanmış anlaşma memorandumu çərçivəsində araşdırma işlərinin aparılması üçün "Qazprom"a icazə verilmişdi.

Ə.R.Alaboyun əlavə edib ki, Türkiyə qarşılıqlı etimad və mənfəət çərçivəsində əməkdaşlığa hazırdır: "Türkiyə enerji resurslarının hərbi münaqişələrin səbəbi olmaması, sülh və təhlükəsizliyə xidmət etməsi ilə bağlı bütün addımları həmişə dəstəkləyib və dəstəkləyəcək".

Rusiya qazının Türkiyəyə tədarükünə gəlincə, o vurğulayıb ki, 28 il ərzində Türkiyə bazarı Rusiya üçün Almaniyadan sonra ən vacib bazarlardan biri olub: "1987-ci ildən bu günədək Türkiyə Rusiyadan 315 milyard kubmetr qaz idxal edib. Hazırda Rusiya qazının 10 milyard kubmetrini Türkiyənin özəl sektoru, qalan 20 milyard kubmetri isə BOTAŞ idxal edir".

Nazir diqqətə çatdırıb ki, Türkiyənin, həmçinin Azərbaycan, İran, Nigeriya və Əlcəzairlə qaz alışı üzrə müqavilələri var: "Hazırda hər bir ölkə üçün enerji təchizatı və enerji təhlükəsizliyi ən vacib və strateji məsələlərdən biridir. Türkiyə bunu nəzərə alaraq, enerji sektorunda risklərdən yayınmaq məqsədilə enerji resurslarının tədarük mənbələrini şaxələndirmək niyyətindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti