Bakı. Trend:
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, fevralın 27-də Sabirabad rayonunun Şəhriyar kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 543 abonenti olan kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 46117 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.