Bakı. Trend:
2016-cı ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 489 988 ton Azərbaycan nefti nəql olunub.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, cari ilin yanvar-iyun aylarında bu kəmərlə 14 930 790 ton (ötən ilin analoji dövründə 14,54 milyon ton) neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il iyulun 1-dək BTC-yə 307 606 179 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin iyun ayında BTC kəməri ilə 371 206 ton Türkmənistan nefti nəql olunub.
2016-cı ilin iyun ayı ərzində 2 143 253 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 424 400 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 14 774 660 ton (ötən ilin analoji dövründə 14,51 milyon ton) təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il iyulun 1-dək Ceyhan limanından 305 968 432 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.