...

AYİB Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsini dəstəkləyəcək (FOTO)

Energetika Materials 25 Noyabr 2017 13:52 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti Energetika Nazirliyində olub
AYİB Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsini dəstəkləyəcək (FOTO)

Bakı. Trend:

Energetika Nazirliyində energetika nazirinin müavini Gülməmməd Cavadovla Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse- prezidenti Alain Pillouxun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Energetika Nazirliyi ilə AYİB arasında əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri, eləcə də “Azərbaycan Respublikasında enerji üzrə müstəqil tənzimləyici orqanın təsis edilməsinə dəstək layihəsi”nin icrası ilə bağlı məsələlər müzakirə edilib. Nazir müavini AYİB ilə əməkdaşlığın ölkəmizin enerji sahəsinə verdiyi töhfələri yüksək qiymətləndirib.

O, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə əməkdaşlıq barədə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış Niyyət Protokolundan danışaraq bildirib ki, bu sənəd ölkədə enerji üzrə müstəqil tənzimləyici orqanın yaradılmasına dəstəyi təmin edəcək. Dəstək layihəsi çərçivəsində “Müstəqil tənzimləyici orqan haqqında” qanun layihəsi işlənəcək və bu orqanın yaradılmasına texniki kömək göstəriləcəkdir

AYİB-in vitse-prezidenti A.Pilloux isə Azərbaycan ilə AYİB arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edərək, bir sıra enerji layihələrində mövcud dəstəyin gələcəkdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində davam etdirilməsinin mümkünlüyünü bildirib. Vitse-prezident energetika sektorunda sahibkarlığın dəstəklənməsi layihələrinə maraqlarını diqqətə çatdırıb. Bank rəsmisi müstəqil tənzimləyici orqanın yaradılması və qanunvericilik bazasının hazırlanmasında hər cür köməyi göstərməyə hazır olduqlarını bir daha qeyd edib.

O, eyni zamanda Bankın fəaliyyəti tarixində ən böyük əməkdaşlıq müqaviləsinin Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsi çərçivəsində bağlandığını vurğulayaraq, layihənin uğurla reallaşması üçün səylərini əsirgəməyəcəklərini bildirib.

Görüşdə həmçinin, energetika sektorunda islahatların aparılması, enerji bazarının liberallaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycanın E5P Fondu (Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit Tərəfdaşlığı Fondu) ilə əməkdaşlığının perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti