...

Almaniya "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafında maraqlıdır

Energetika Materials 21 Avqust 2018 23:28 (UTC +04:00)

Bakı. Əli Qasımov - Trend:

Almaniya Azərbaycanın "Şahdəniz" yatağından Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafında maraqlıdır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Federal Kansler Angela Merkelin Cənubi Qafqaz ölkələrinə - Azərbaycan, Gürcüstan və Ermənistana səfəri ərəfəsində Almaniya hökumətinin nümayəndəsi bildirib.

O qeyd edib: "Biz Türkiyə vasitəsilə Avropaya Xəzər qazının nəqlini təmin edəcək alternativ qaz kəmərlərinin inşasında maraqlıyıq. Bizim "Cənub Qaz Dəhlizi"nin gələcək inkişafında böyük marağımız var".

Hökumət nümayəndəsinin sözlərinə görə, Avropa qaz şəbəkələrinin TANAP və TAP boru kəmərlərinə qoşulması Avropa İttifaqının diversifikasiya üzrə strategiyasının bir hissəsidir:

"Azərbaycan qlobal enerji təchizatı üçün yüksək geosiyasi əhəmiyyəti olan ölkədir. Lakin Berlin başqa ölkələrdən də (Türkmənistan, İran və İraq) təbii qaz idxalı üçün açıqdır".

Qeyd edək ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim baş tutub.

"Cənub Qaz Dəhlizi"nə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.

Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

"Cənub Qaz Dəhlizi"nin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti