Bakı. Trend:
Azərbaycan 5 il ərzində Avropaya təbii qaz tədarükünü iki dəfə artırmaq istəyir.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Rumıniyada Beynəlxalq Qaz Konfransında deyib.
"Biz bütün tərəfdaşlarımızla, o cümlədən Avropa Komissiyası ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı ciddi müzakirələr aparırıq. Növbəti 5 il ərzində Avropaya təbii qaz tədarükümüzü iki dəfə artırmaq istəyirik. Bu bizim planımızdır. Amma təbii ki, burada başa düşməliyik ki, bu bir gündə baş verə bilməz. Bizə hökumətlərarası məsləhətləşmələr və investisiya qərarları lazımdır. İstehlakçı ölkələr tərəfindən müqavilələr və öhdəliklər lazımdır. Bütün bu paket mümkün qədər tez həyata keçirilməlidir, çünki biz çox vaxt itirə bilmərik", - P.Şahbazov deyib.
Nazir bildirib ki, Azərbaycan 2 ildən az müddətdə Avropaya 16 milyard kubmetr qaz tədarük edib.
"Bu gün səhər biz Rumıniyanın baş naziri ilə çox faydalı müzakirə apardıq. Yalnız qarşıdan gələn qış haqqında düşünmək deyil, eyni zamanda 5 və ya 10 ildən sonra nə olacağına əmin olmaq vacibdir. Azərbaycan uzun illərdir ki, Avropa bazarını enerji resursları ilə təmin edən ölkədir. Bu yaxınlarda biz Aİ-yə də təbii qaz tədarük etməyə başlamışıq. Bizim gələcək üçün də böyük planlarımız var. Biz iki ildən az müddətdə Aİ-yə təxminən 16 milyard kubmetr təbii qaz tədarük etdik", - nazir deyib.
Qeyd edək ki, Avropa İttifaqına üzv və qonşu ölkələrin nazirlərinin və neft-qaz şirkətlərinin nümayəndələrinin iştirak etdyi konfransda P.Şahbazovun ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.