Bakı. Trend:
Noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya dövlət səfəri baş tutub. Səfər zamanı gələcək səmərəli əməkdaşlığın konturları müəyyən edilib. Bu səfər iqtisadi kataklizmlərlə müşayiət olunan və Avropa ölkələrinə, xüsusən Albaniyanın yerləşdiyi Balkanlara təsir edən hazırkı geosiyasi dəyişikliklər fonunda xüsusi əhəmiyyət kəsb edir.
Səfər zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən Albaniya üçün ən vacib mövzu olan enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə olunub. Hazırda bunun üçün lazımi infrastruktur olmadığından Albaniya Azərbaycan qazını almır. Albaniya ölkənin və regionun enerji təhlükəsizliyini yaxşılaşdırmaq üçün Vlyora İES-i qaz kəməri, eləcə də mayeləşdirilmiş qaz terminalı vasitəsilə TAP-la birləşdirmək niyyətindədir. Avropa Komissiyasının hesabatında qeyd edildiyi kimi, Albaniyanın Trans-Adriatik və İon-Adriatik boru kəməri kimi regional qaz kəmərlərinə qoşulması regionun enerji təhlükəsizliyini artıracaq.
"Bu, Trans-Avropa Enerji Şəbəkəsi (TEN-E) layihələrinin inkişafına kömək edəcək. 2021-ci ilin iyulunda Fieridə TAP-ın çıxış nöqtəsinin tikintisinə dair imzalanmış saziş Albaniyada qaz bazarının inkişafı üçün vacibdir", - hesabatda deyilir.
Vyana Beynəlxalq İqtisadi Araşdırmalar İnstitutunun iqtisadçısı İsilda Mara çərşənbə günü Trend-ə bildirib ki, Azərbaycan qazının Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə nəqli Albaniyanın enerji ehtiyaclarının öhdəsindən gəlməyə kömək edəcək.
O qeyd edib ki, Albaniya elektrik enerjisinin istehsalı üçün əsasən su enerjisinə arxalanır.
"Bir müddət əvvəl günəş elektrik stansiyaları kimi bir sıra enerji layihələri işə salınıb, lakin istehsalın başlanması üçün hələ bir neçə il keçəcək. Beləliklə, enerji mənbələri şaxələndirilmir və idxaldan asılılıq təxminən 30 faiz həcmində qiymətləndirilir. Şübhəsiz ki, Azərbaycan qazı Albaniyanın elektrik enerjisi istehsalı qıtlığının təsirini azaltmağa kömək edəcək başqa bir mənbə ola bilər. Nəzərə alınmalıdır ki, ölkə son illərdə daha tez-tez uzun müddət quraqlıqdan əziyyət çəkir", - deyə o bildirib.
İki ölkə arasında əməkdaşlığın inkişafı üçün digər potensial sahələrdən danışan İsilda Mara vurğulayıb ki, azərbaycanlı investorlar Albaniyada son illər çox perspektivli olan turizm kimi digər sahələrdə də yaxşı investisiya imkanları tapa bilərlər.
"İKT xidmətləri digər perspektivli sahə ola bilər. Bir çox yüksək ixtisaslı yerli mütəxəssislər Aİ-də, eləcə də bütün dünyada xarici şirkətlərə onlayn İKT xidmətləri təklif edirlər", - o qeyd edib.
Beləliklə, əminliklə deyə bilərik ki, Azərbaycanla Albaniya arasında münasibətlərdə yeni səhifə açılır, qarşılıqlı əlaqələr yeni məzmunla dolur. Azərbaycanın həyata keçirdiyi layihələrin miqyasını və Albaniyanın bu layihələrə marağını nəzərə alsaq, bu əməkdaşlıq təkcə hər iki ölkə üçün deyil, bütün Balkan regionu üçün faydalı olacaq.