...

AYİB Azərbaycanda "yaşıl" iqtisadiyyatın inkişafını dəstəkləyir - Matteo Patrone (MÜSAHİBƏ)

Energetika Materials 21 Yanvar 2023 09:50 (UTC +04:00)
AYİB Azərbaycanda "yaşıl" iqtisadiyyatın inkişafını dəstəkləyir - Matteo Patrone (MÜSAHİBƏ)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) hazırkı strategiyası Azərbaycana iqtisadiyyatın diversifikasiyasında, həmçinin, maliyyə vasitələrinə çıxışın genişləndirilməsində və "yaşıl" iqtisadiyyatın dəstəklənməsində köməklik göstərməyə yönəlib.

Bu barədə Trend-ə eksklüziv müsahibəsində AYİB-in Şərqi Avropa və Qafqaz üzrə idarəedici direktoru Matteo Patrone deyib.

Onun sözlərinə görə, bu gün AYİB-in Azərbaycan üzrə yeni strategiyasının hazırlanması məqsədilə tərəflər arasında, o cümlədən, Bankın müştəriləri və tərəfdaşları arasında davamlı qarşılıqlı fəaliyyət mövcuddur.

"AYİB-in yeni strategiyası 2024-cü ildə təkrar nəzərdən keçirilməlidir. Hazırda biz onun hazırlanmasında faydalı olacaq məlumatlar toplamaqdayıq. Demək istəyirəm ki, 2022-ci ildə Azərbaycanla əməkdaşlığımız gələcək qarşılıqlı fəaliyyətimiz üçün çox möhkəm təməl rolunu oynayıb. Bu dayanıqlı infrastrukturda, bərpa olunan enerji mənbələri (BEM) sahəsində, həmçinin korporativ sektorda "yaşıl" layihələr ili oldu. Biz Gəncə üzrə şəhərin bərk tullantıların idarə olunmasında dəstəklənməsi, həmçinin küçə işıqlandırılması layihəmizin köməyilə enerjidən istifadənin effektivliyinin təmin olunmasına yönəlmiş iki saziş imzaladıq. Biz Aİ-yə bu və digər layihələrdə davamlı tərəfdaşlığına görə minnətdarıq. Bundan başqa, biz Azərbaycanın dekarbonizasiyası proqramını dəstəkləmək məqsədilə birlikdə Qaradağda irimiqyaslı günəş elektrik stansiyasının tikintisi üzrə ilk layihəni maliyyələşdirdik. Korporativ sektorda biz Ələtdə enerji cəhətdən effektiv soyuducu anbarın tikintisini və Salyan şəhərində k/t istehsalçısının "yaşıl" ekspansiyasını maliyyələşdirdik. Biz bu tendensiyanı 2023-cü il ərzində də qoruyub saxlayacağıq. Yanvarın 19-da biz Azərbaycanda ilk qapalı dövr iqtisadiyyatı layihəsini — Sumqayıtda akkumulyatorların təkrar emalı ilə məşğul olan müəssisənin genişləndirilməsini — maliyyələşdirdik. Biz bu yaxında Azərbaycanda həmçinin İT mərkəzlər açdıq və bu mərkəzlərdə gələcəkdə beynəlxalq İKT şirkətlərində məşğulluq imkanları üçün tələbələrin tədrisinə köməklik göstəririk, bölgələrin inkişafına təkan veririk və yerli gəncləri dəstəkləyirik. Bu, Azərbaycan üçün bizimlə hökumət arasında ikitərəfli razılaşma çərçivəsində maliyyələşdirilən ilk layihədir. Biz Azərbaycanla gələcək əməkdaşlığımız mövzusunda - bu istər "yaşıl" maliyyələşdirmə olsun, istərsə də iqtisadi inteqrasiya, dayanıqlı infrastruktur və rəqəmsallaşma - kifayət qədər nikbinik. Biz 2024-2029-cu illər üçün ölkə üzrə növbəti strategiyamızı hazırlayarkən yuxarıda sadalanan bütün etapları nəzərə alacağıq", - o deyib.

Patrone, həmçinin, 2022-ci ilin dekabrında AYİB və "Aztelecom" arasında Azərbaycanın bölgələrində rəqəmsal infrastrukturun inkişafının maliyyələşdirilməsi haqqında razılaşma əldə olunduğunu xatırlayıb.

"Bu, bizim Avropa İttifaqındakı 50 milyon dollaradək ölçüdə krediti Avropa Dayanıqlı İnkişaf Fondu vasitəsilə təminatla dəstəkləyən tərəfdaşlarımızla birgə həyata keçirildi. Biz AYİB olaraq hesab edirik ki, rəqəmsallaşmaya investisiya gələcəyə investisiya deməkdir. Geniş spektrli xidmətlərə etibarlı çıxış Azərbaycanın bölgələrində 280 mindən artıq ev təsərrüfatına nəzərəçarpan dərəcədə fayda gətirəcək. Layihə paytaxt və kənd yerləri arasındakı rəqəmsal boşluğu aradan qaldırmaqla həm də yerli müəssisələrə fayda gətirərək onları və onların mövcud, yaxud potensial işçi qüvvəsini daha rəqabətqabiliyyətli edəcək və Azərbaycan iqtisadiyyatının inklüziv şəkilfəd daha geniş inkişafına səbəb olacaq. Mən həmçinin şadam ki, Aİ Azərbaycanın telekommunikasiya sektorunda rəqabətin yaxşılaşdırılması və tənzimlənməsi, həmçinin borcalanların korporativ idarə olunmasını möhkəmləndirmək üçün AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bir milyon avro dəyərində qrant təqdim etməyi planlaşdırır. AYİB, EC, Aztelecom və Azərbaycan hökuməti arasında dövlət şirkətinin yenidən formalaşmasını dəstəkləyən bu tərəfdaşlıq həqiqətən də bir uğur tarixçəsidir və bunun əsasında tərəfdaşlığı davam etdirmək istərdik", - idarəedici direktor qeyd edib.

Bundan başqa, o, 2022-ci ilin AYİB və Azərbaycan arasında bərpa olunan enerji mənbələri layihələri üzrə əməkdaşlığı sahəsində tarixi olduğunu qeyd edib.

"Alternativ enerji mənbələri bu gün bariz üstünlükləri ilə yanaşı, həm də maliyyə nöqteyi-nəzərindən cəlbedicidir. Biz Azərbaycanda istər investisiya, istərsə də siyasi səviyyələrdə dekarbonizasiya proqramlarını aktiv şəkildə dəstəkləyirik. Artıq qeyd etdiyim kimi, biz Qaradağda ilk günəş elektrik stansiyasının tikintisinə investisiya qoymuşuq, həmçinin Abşeron yarımadasında külək elektrik stansiyasının tikintisini də maliyyələşdirməyi planlaşdırırıq. Bununla yanaşı, biz Azərbaycana BEM üzrə tənzimləyici qanunvericilik bazasının formalaşmasında dəstək göstərdik. Əlbəttə ki, bütün bunların təməlində AYİB və Azərbaycanın Energetika Nazirliyininin çoxillik fəaliyyəti dayanırdı", - o qeyd edib.

Patrone AYİB və Energetika Nazirliyi arasında ölkənin Paris sazişi üzrə öhdəliklərinə əsasən, Azərbaycanda aşağı karbonlu və iqlim dəyişikliklərinə davamlı enerji sektorunun inkişafına yönəlmiş Anlaşma Memorandumunun imzalandığını bildirib.

"Biz burada bərpa olunan enerjinin inkişafından, aşağı karbonlu inkişaf konsepsiyasının reallaşdırılmasından, effektivliyin artırılmasından, zərərli tullantıların azaldılmasından və bu sektora tədricən innovasiyaların tətbiqindən danışa bilərik", - o deyib.

Patrone həmçinin, AYİB-in Qafqaz və Avropa İttifaqı arasındakı əlaqələrin, istər bərpa olunan enerji sahəsində, istərsə də nəqliyyat infrastrukturu və ya siyasi islahatlar sahəsində gücləndirilməsini dəstəklədiyini bildirib.

"Daha öncə də qeyd etdiyim kimi, Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir. Lakin Avropaya "yaşıl" enerjinin tədarükü Azərbaycanın enerji sisteminin genişləndirilməsi, modernizasiyası və rəqəmsallaşmasına mühüm investisiyalar tələb edəcək və AYİB bu istiqamətdə ölkəyə köməklik göstərməyə hazırdır. Nəql marşrutlarına gəlincə, biz bunları fərdi qaydada nəzərdən keçirməli olacağıq. Bu, yalnız müvafiq təklif olduqda mümkündür. Bu yaxında Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya, Gürcüstan, Macarıstan rəhbərləri, həmçinin Avropa komissiyasının sədri Avropaya "yaşıl" elektrik enerjisi tədarük etmək üçün elektrik kabelinin çəkilməsinə dair anlaşma memorandumu imzalayıblar. Biz başa düşürük ki, Qafqaz və Ai arasında elektrik enerjisi üzrə daha sıx əlaqələr Avropanın enerji təhlükəsizliyini təmin etməyə kömək etməklə yanaşı Qafqazı Aİ-nin daxili bazarında qabaqcıl inteqrasiya olunmuş enerji qovşağına çevirəcək. Hesab edirik ki, bu cür layihələr vədverici perspektivlərə malikdir və Qara dənizin dibi ilə kabel çəkilməyi ilə bağlı biz hazırda aparılan texniki-iqtisadi əsaslandırmanın nəticələrini səbirsizliklə gözləyirik", - o bildirib.

Azərbaycan və Aİ arasında Avropaya qaz ixracının artırılması üzrə əldə olunmuş razılaşmadan bəhs edən icraedici direktor xatırlatdı ki, AYİB bundan əvvəl TANAp və TAP boru kəmərlərinin inşasını dəstəkləyib və bu baxımdan Azərbaycan hökuməti ilə, o cümlədən "Cənub qaz dəhlizi" çərçivəsində böyük iş təcrübəsinə malikdir.

"Hazırda bu layihə üçün bazarın tədqiqi həyata keçirilir və genişləndirmə barədə qərar qəbul edilərsə, biz Azərbaycanın qaz layihələrinə tələblərimizə əsasən maliyyələşdirmənin nəzərdən keçirilməsi üçün beynəlxalq tərəfdaşlara şad olarıq. Bizim üçün layihənin Paris sazişinin məqsədlərinə və Bankın qazıntı yanacaq növlərinin istifadəsinə yanaşmasına cavab verməsi vacibdir", - o deyib.

Patrone, AYİB və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) arasında QSC-nin maliyyələşdirilməsi haqqında danışıqların getdiyini bildirib.

"Biz danışıqlar aparırıq və paralel olaraq məlumat toplanması üzrə müvafiq işlər gedir. ASCO-nun maliyyələşdirilmə məbləğindən danışmaq hələ ki tezdir, biz müvafiq razılaşmanı bu ilin yayına qədər imzalamağı planlaşdırırıq. AYİB dövlət şirkərtlərinin kommersiyalaşdırılması üzrə çox yaxşı imkanlara malikdir və biz Azərbaycanda bu proqramın genişləndirilməsini səbirsizliklə gözləyirik", - idarəedici direktor hesab edir.

Bununla yanaşı, Patrone Azərbaycanda bank sektorunun dayanıqlılığının daha da möhkəmləndirilməsi üçün AYİB-in Mərkəzi Bankla aktiv və məhsuldar dialoq apardığını və AYİB-in hazırkı tərəfdaşlığı genişləndirmək niyyətində olduğunu qeyd edib.

"Biz bu həftə Mərkəzi Bankın sədri ilə görüşdük və iqtisadiyyatda, həmçinin, bank sektorunda mövcud tendensiyaları müzakirə etdik. Bunlardan başqa, kiçik və orta sahibkarlıq müəssisələrinin maliyyələşdirilməsi məsələlərinə toxunduq və bu istiqamətdə ölkədə maliyyələşdirməyə çıxışın təkmilləşdirilməsi üçün bir sıra praktiki vasitənin qiymətləndirilməsində Mərkəzi Bankla tərəfdaşlıq etməyi planlaşdırırıq. Biz, həmçinin, ekologiya, sosial müdafiə və idarəetmə sahəsində əməkdaşlığımızı müzakirə etdik və Mərkəzi Bankın konsultasiya və praktika ilə təmin olunmasında köməklik göstərməyə hazırıq", - o deyib.

İdarəedici direktorun sözlərinə görə, AYİB Azərbaycan banklarının, xüsusən, dəstəyə ehtiyacı olan orta və özəl bankların maliyyələşdirilməsində maraqlıdır.

"Əməkdaşlıq proqramımıza əsasən biz beynəlxalq ticarət, mikro, kiçik və orta biznesə dəstək, həmçinin, ekoloji cəhətdən təmiz və inklüziv maliyyələşdirmə sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirmək niyyətindəyik. Bizim dəstəyimiz təkcə maliyyələşdirmə ilə məhdudlaşmır, həm də tərəfdaşlarımızın mövcud potensialının möhkəmləndirilməsi kimi vasitələri özündə əks etdirir", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti