...

Azərbaycan BEM-dən istifadə üçün mühüm potensiala malikdir - IFC-nin regional meneceri

Energetika Materials 29 Noyabr 2023 14:20 (UTC +04:00)
Azərbaycan BEM-dən istifadə üçün mühüm potensiala malikdir - IFC-nin regional meneceri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bərpa olunan enerji mənbələri (BEM), əsasən günəş və külək enerjisi üzrə zəngin resurslarından istifadə üçün mühüm potensiala malikdir

Trend xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte Dünya Bankı Qrupunun dərc etdiyi Azərbaycan üzrə İqlim və İnkişaf Hesabatının (CCDR) təqdimatında jurnalistlərə deyib.

Onun sözlərinə görə, hesabat Azərbaycanda hazırki vəziyyəti və Paris sazişinə əsasən, ölkədə istixana tullantılarının azaldılması üzrə məqsədlərə nail olmaq üçün görülməli işləri qiymətləndirir.

"Özəl sektorun iştirakı, eləcə də bu sahədəki bilik və bacarıqlar Azərbaycanın bu məqsədlərə nail olmasında mühüm rol oynayacaq. Biz bərpa olunan enerji sahəsində, misal üçün, elektromobil, iqlim dəyişikliklərinə dayanıqlı kənd təsərrüfatı və əlbəttə ki, maliyyə sektorunda özəl kapital və biliklərin istifadəsi ilə bağlı böyük potensial görürük. Bu həm birbaşa investisiyalar, həm də dövlət-özəl tərəfdaşlığı vasitəsilə həyata keçirilə bilər", - Duarte deyib.

Regional menecer IFC-nin daima Azərbaycanı iqtisadiyyatın inkişafı və diversifikasiyası üzrə səylərində dəstəklədiyini və hazırda ölkəyə aşağı karbonlu iqtisadiyyatda keçiddə yardım göstərdiyini bildirib.

"Biz Azərbaycanı dəstəkləməyə və ölkənin dövlət və özəl sektorlarına öz məqsədlərinə nail olmaqda yardım göstərməyə davam edəcəyik", - deyə o vurğulayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti