Bakı. Trend:
Serbiya Bolqarıstanla interkonnektorun tikintisini başa çatdırıb. Bu boru kəməri ölkənin Azərbaycandan qaz idxalına imkan yaradacaq.
Trend xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Dedoviç Handanoviç deyib.
"Serbiya-Bolqarıstan vaxtında - 12 ay ərzində başa çatan ilk ən böyük enerji layihəsidir. Cəmi bir il bundan əvvəl işlərə başladıq və 12 ay ərzində gərgin səylər nəticəsində 109 kilometr uzunluğunda yeni qaz kəməri çəkilib, Pirot, Dimitrovqrad, Bela-Palanka və Nişdə dörd ölçmə və bir tənzimləmə stansiyası, eləcə də Trupalda bir iri yükləmə stansiyası inşa olunub. Həftənin sonunadək qaz kəmərinin sınaq rejimində işə salınacağı gözlənilir", - nazir deyib.
Dedoviç Handanoviç bu ilin sonunadək Azərbaycandan 400 milyon kubmetrədək qaz tədarükü barədə kommersiya sazişinin imzalandığını qeyd edib.
Nazir Serbiya-Bolqarıstan qaz kəmərinin həm də Serbiyanın cənub-şərqində qazlaşdırma və "yaşıl" enerjiyə keçid prosesi ilə əlaqədar olaraq vacib olduğunu qeyd edib.
"Bu qaz kəməri Serbiyanın həmin hissəsində vətəndaşlar və iqtisadiyyat üçün, xüsusən Pirot, Dimitrovqrad, Bela Palanka ilə birləşmə və Nişdə ikinci qaz şəbəkəsinin inkişafı üçün vacibdir. "Yaşıl" keçid prosesində etibarlı qaz tədarüklərinə malik olmağımız və kömür və mazut istifadəsindən daha təmiz enerji mənbəyi olan qazdan istifadəyə keçə bilməyimiz vacibdir", - Dedoviç Handanoviç deyib.
Nazir bu layihənin Serbiyanın Avropanın qaz xəritəsində mövqeyini gücləndirdiyini və 1,8 milyard kubmetr ötürücülük gücünə malik Serbiya-Bolqarıstan qaz kəmərinin Azərbaycandan və Xəzər dənizi regionundan Mərkəzi Avropa ölkələrinə tranzitini təmin etdiyini deyib.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)