...

"KazMunayQaz" və SOCAR Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqli ilə bağlı saziş imzalayacaq - Maqzum Mirzəqaliyev (Özəl müsahibə)

Energetika Materials 11 Mart 2024 08:08 (UTC +04:00)
"KazMunayQaz" və SOCAR Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqli ilə bağlı saziş imzalayacaq - Maqzum Mirzəqaliyev (Özəl müsahibə)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“KazMunayQaz” SC (KMQ, Qazaxıstanın milli neft-qaz şirkəti) və SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinin artırılmasına dair saziş imzalayacaqlar.

Bu barədə Trend-ə özəl müsahibəsində “KazMunayQaz” SC-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev deyib.

"Qeyd etmək lazımdır ki, biz SOCAR ilə çox sıx əməkdaşlıq edirik. Azərbaycanın SOCAR şirkəti bizim çoxillik strateji tərəfdaşımızdır. Sevindirici haldır ki, ötən ilin martından biz Qazaxıstan neftini Azərbaycan ərazisindən tranzit etməyə başladıq. Ayda təxminən 120 min tona yaxın nəql edirik. İndi prezidentimiz Qasım-Jomart Tokayevin bazar ertəsi, martın 11-də baş tutacaq Azərbaycana dövlət səfəri çərçivəsində həmkarım cənab Rövşən Nəcəfov ilə Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin bir yarım dəfə artırılmasına dair saziş imzalamağı planlaşdırırıq. Əgər biz hazırda Azərbaycan ərazisindən ayda 120 min ton nəql ediriksə, o zaman müqavilənin imzalanması ilə həcm daha 60 min ton artırılacaq - 180 min tona qədər", - deyə Maqzum Mirzəqaliyev bildirib.

KMQ rəhbəri Qazaxıstan neftinin Bakı-Supsa neft kəməri ilə mümkün nəqlinə də toxunub.

“Cənab Rövşən Nəcəfovla görüşdə razılaşdıq ki, bir ay ərzində SOCAR şirkəti bizə Bakı-Supsa marşrutu üzrə, o cümlədən tarif siyasəti ilə bağlı təkliflər verəcək”, - deyə o bildirib.

Maqzum Mirzəqaliyev qeyd edib ki, “KazMunayQaz” SOCAR-la münasibətlərin yalnız nəqliyyat məsələləri ilə məhdudlaşmamasını və mümkün qədər bütün əməkdaşlıq spektrini və ya palitrasını əhatə etməsini istəyir:

"Beləliklə, biz razılaşdıq ki, biz indi neft və hasilat sahəsində layihələrin mümkün inkişafını öyrənirik. Bundan əlavə, biz SOCAR şirkətinə Qazaxıstanda geoloji kəşfiyyatla bağlı layihələrə baxmağa təklif etdik. Cənab Rövşən Nəcəfova məlumat verdim ki, möhtərəm Prezidentimizin tapşırığı ilə 2023-cü ildə qanunvericiliklə yerin təkindən istifadəyə dair Təkmilləşdirilmiş Model Müqavilə (TMM) qəbul edilib. Müqavilə sayəsində geoloji kəşfiyyata, eləcə də mürəkkəb yataqlarda hasilatla məşğul olan investorlar üçün ən yaxşı şərait yaradılacaq. Yəni biz birgə layihələrin potensialını müzakirə etməyə və öyrənməyə davam edirik. Bu baxımdan, istisna etməzdim ki, biz gələcəkdə birgə “yaşıl” layihələri müzakirə edə bilərik".

Eyni zamanda, Maqzum Mirzəqaliev Qazaxıstanın Tengiz yatağında hasilatın genişləndirilməsi layihəsinin tam işə salınması üçün gözlənilən vaxtın adını çəkib.

“Biz “Tengiz” yatağında hasilatın genişləndirilməsi layihəsinin 2025-ci ildə işə salınacağını gözləyirik”, - deyə o bildirib.

KMQ rəhbəri onu da qeyd edib ki, Bakıya səfəri zamanı Qazaxıstan neftinin tranzitində iştirak edən BP Səngəçal və Azərtrans terminallarının işi ilə tanış olub:

"Tengiz neftinin bir partiyasını Bakı-Tiflis-Ceyhan neft kəmərinə çatdırmaq üçün Bakıya çatdıran “Kazmortransflot” MMC-yə məxsus “Astana” tankerində oldum və tankerin heyəti - gənc qazaxıstanlılarla görüşdüm. Ekipaj üzvləri qeyd ediblər ki, texnoloji proseslərin təşkilində əməyin və ekoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir ki, bu da neftin fasiləsiz daşınmasını təmin edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti