Bakı. Trend:
Bakıda 12-ci beynəlxalq Xəzər Enerji Forumu (Caspian Energy Forum) keçirilib.
Trend xəbər verir ki, Forum “Caspian Energy Club” tərəfindən təşkil olunub.
Spikerlər arasında Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev, həmçinin, “Masdar”, “Acwa Power” və “SOCAR” şirkətlərinin nümayəndələri yer alıb.
Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varheli Forum iştirakçılarına onlayn müraciətində bildirib ki, Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiyadan "yaşıl" enerji dəhlizləri layihələrinin həyata keçirilməsinə maliyyə və texniki dəstək göstərəcək.
Avropa komissarı Cənubi Qafqaz və Mərkəzi Asiyanın enerji və nəqliyyat dəhlizlərinin həyata keçirilməsindəki vacib rolunu vurğulayıb ki, bu da Avropa İttifaqı üçün əsas əhəmiyyət kəsb edir.
"Avropa İttifaqı bu regionlardan "yaşıl" enerji dəhlizləri layihələrinin həyata keçirilməsinə maliyyə və texniki dəstək göstərəcək, eyni zamanda, Avropa İttifaqının TEN-T strategiyası çərçivəsində Orta Dəhlizin inkişafını dəstəkləyəcək", – o qeyd edib.
Varheli Rusiyadan qaz tədarükünün azalmasını nəzərə alaraq, Azərbaycanın Avropaya qaz tədarükünü artırmağın vacibliyini vurğulayıb.
O, noyabrda Bakıda keçiriləcək COP29-la bağlı böyük gözləntilərdən bəhs edərək, bu iqlim sammitinin təmiz və bərpa olunan enerji layihələri üzrə irəliləyiş əldə etməyə kömək edəcəyini bildirib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, Azərbaycan çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini aktivləşdirib.
Onun sözlərinə görə, dövlət ekoloji problemlərin həllinə böyük əhəmiyyət verir və bu istiqamətdə praktiki işlər görür.
"Bu gün Azərbaycan dünya tərəfindən əsas prioritet hesab edilən "yaşıl" keçidin əsas iştirakçılarından biridir", – U.Tağıyeva vurğulayıb.
Nazir müavini qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə karbon neytrallığına nail olmağı hədəfləyirik.
Eyni zamanda, bu il Azərbaycanın üzərinə qarşıdakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını keçirmək məsuliyyəti qoyulub.
"COP29 qlobal iqlim dəyişmələri problemlərinin həlli ilə bağlı ən yüksək platformadır. Biz bu prestijli tədbirə hazırlıq görürük. COP29 çərçivəsində qlobal iqlim gündəliyində iqlim maliyyələşdirilməsi ilə bağlı razılığa gəlmək vacibdir, bu məsələ illərdir həll olunmayıb. Dünyada kifayət qədər maliyyə resursları var. Lakin mühüm məsələlərdən biri bu maliyyə axınlarının qlobal iqlim problemlərinin həllinə yönəldilməsidir. Bu maliyyələşdirmənin ən kəskin problemlərin həllinə yönəlməsi çox vacibdir", – U.Tağıyeva əlavə edib.
Bu forumdan sonra isə ilk qaz forumu işinə başlayacaq.