Bakı. Trend:
Bu ilin birinci yarısında bp və onun tərəfdaşları tərəfindən “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 milyard 282 milyon dollar əməliyyat xərcləri və təxminən 472 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
Bu barədə Trend bp-yə istinadən xəbər verir.
Məlumata görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 31 milyon dollar (2,5%) və 65 milyon dollar (16%) çoxdur.
Bildirilib ki, “Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsi olan Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi üzrə ictimaiyyətlə məsləhətləşmələrin müddəti aprel ayında bitib və sənədin yekun versiyası may ayında hökumət tərəfindən təsdiqlənib.
Bunun ardınca, iyunun 3-də Şahdəniz konsorsiumu ŞDK layihəsi üçün yekun investisiya qərarını elan efib.
“2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də Şahdəniz Alfa (ŞDA) və Şahdəniz Bravo (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır”, - məlumatda vurğulanıb.
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).