Bakı. Trend:
Dünya Bankı Qrupu Azərbaycanda “Azəriqaz”ın qazpaylayıcı şəbəkəsində qaz sızmalarının aşkarlanması və aradan qaldırılması, həmçinin metan emissiyalarının azaldılması məqsədilə 15 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti nəzərdə tutan layihəni təsdiqləyib.
Bu barədə Dünya Bankı Qrupu məlumat yayıb.
Məlumata əsasən, “Azerigas Gas Leak Detection and Repair Facility” adlı layihənin əsas məqsədi “Azəriqaz” tərəfindən idarə olunan qazpaylayıcı şəbəkədən yaranan qaçaq metan emissiyalarının azaldılması və şirkətin aktivlərin idarə edilməsi imkanlarının gücləndirilməsidir.
Dünya Bankının məlumatına görə, layihə çərçivəsində qaz sızmalarının aşkarlanması və təmiri üçün xüsusi maliyyə mexanizmi yaradılacaq. Bu mexanizm ilkin olaraq Qlobal Metan Azaldılması və Tullantıların Azaldılması Fondunun (GFMR) qrantı hesabına maliyyələşdiriləcək.
Qrantın alıcısı və qrant və maliyyə mexanizminin hesablarının sahibi SOCAR olacaq. “Azəriqaz” isə qrantın yeganə benefisiarı və layihənin gündəlik icrasına, eləcə də idarə olunmasına cavabdeh qurum kimi çıxış edəcək.
Maliyyə vəsaiti SOCAR-dan “Azəriqaz”a razılaşdırılmış qaz sızmalarının aşkarlanması və aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi üçün mərhələli şəkildə yönəldiləcək.
İldə 160 milyon kubmetr qaz sızır
Dünya Bankı qeyd edir ki, “Azəriqaz”ın qazpaylayıcı şəbəkəsində, əsasən yaşı 50 ildən çox olan köhnə aktivlərdən əhəmiyyətli həcmdə qaz sızmaları baş verir.
İlkin qiymətləndirmələrə əsasən, qaz sızmalarının həcmi ildə təxminən 160 milyon kubmetr təşkil edir ki, bu da illik 107 min ton metan emissiyasına bərabərdir.
Təhlillərə görə, sızmaların təxminən 80 faizinin 7 il ərzində nisbətən sadə və xərc baxımından səmərəli müdaxilələrlə aradan qaldırılması mümkündür.
Dünya Bankının hesablamasına əsasən, bu tədbirlər nəticəsində illik təxminən 2,4 milyon ton karbon qazı ekvivalentində istixana qazı emissiyasının qarşısının alınması mümkün olacaq.
Layihə “Azəriqaz”ın Bakı şəhərində həyata keçirdiyi qaz sızmalarının ilkin bazasının müəyyənləşdirilməsi üzrə pilot proqramının nəticələrinə əsaslanacaq.
Qaz sızmalarının aradan qaldırılması ilə bağlı tədbirlər “Azəriqaz” tərəfindən əvvəlcədən razılaşdırılmış meyarlara uyğun olaraq təklif ediləcək və həyata keçiriləcək. Tədbirlərin seçilməsi zamanı xərclər, texniki mürəkkəblik, emissiyalara təsir və digər müvafiq meyarlar nəzərə alınacaq.
Qaz itkilərindən əldə olunan qənaət yenidən investisiya ediləcək
Layihənin mühüm elementlərindən biri qaz sızmalarının aradan qaldırılması nəticəsində əldə ediləcək maliyyə qənaətinin böyük hissəsinin yenidən yaradılacaq maliyyə mexanizminə yatırılmasıdır.
Dünya Bankının məlumatına görə, bu yanaşma əlavə maliyyə vəsaitlərinin səfərbər edilməsinə və “Azəriqaz”ın aktivlərinin daha genişmiqyaslı bərpasına imkan verəcək.
Bundan əlavə, GFMR (Qlobal Məşəldə Yandırma və Metan Emissiyalarının Azaldılması Tərəfdaşlığı) vəsaitləri və sonrakı mərhələdə maliyyə mexanizmi “Azəriqaz”ın emissiyaların monitorinqi, hesabatlılığı və yoxlanılması (MRV) üzrə imkanlarının gücləndirilməsinə yönəldiləcək. Bu fəaliyyətlərin neft və qaz sektorunda metan emissiyalarının idarə olunması üzrə OGMP 2.0 standartına uyğun həyata keçirilməsi nəzərdə tutulur.
Dünya Bankı hesab edir ki, GFMR qrantı “Azəriqaz”ın mövcud maliyyə imkanlarının məhdud olduğu şəraitdə başqa halda həyata keçirilməsi mümkün olmayan tədbirlərin reallaşdırılmasına və cari onillik ərzində metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına şərait yaradacaq.
Layihəyə 15 milyon dollar ayrılacaq
Dünya Bankının məlumatına əsasən, layihə üzrə 15 milyon ABŞ dolları məbləğində maliyyə öhdəliyi nəzərdə tutulur.
Layihənin icraçı qurumu SOCAR, borcalan isə “Azəriqaz”dır. Layihənin 2029-cu il oktyabrın 1-dək başa çatdırılması planlaşdırılır.
Layihənin açıqlanma tarixi 2026-cı il yanvarın 28-i, təsdiq tarixi isə 2026-cı il avqustun 6-sı kimi göstərilir. Layihə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionuna aid edilir.
