...

Marlen Əsgərov: Azərbaycan və Rusiya arasında enerji mübadiləsi iki müstəqil enerji sisteminin bir-birinə olan tələbatıdır

Energetika Materials 21 Fevral 2006 16:06 (UTC +04:00)

"Azərenerji" SC hər il Rusiyadan sazişlərə əsasən təxminən 3 mlrd. kVt/s enerji alır və 1 mlrd. kVt/s satır. Trend bu barədə "Azərenerji" mətbuat xidmətinin yaydığı məlumata istinadən bildirir. Məlumatda "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov qeyd edir ki, bu gün Azərbaycan ilə Rusiya arasında enerji mübadiləsi çoxillik ənənəyə malik olmaqla yanaşı, həm də iki myüstəqil enerji sisteminin bir-birinə olan tələbatıdır. "Hər iki tərəf eyni dərəcədə tərəfdaşlıqda maraqlıdır" -deyə o qeyd edib.

Azərbaycan və Rusiya enerji sistemləri arasında enerji mübadiləsi "Yaşma" (AR) və "Dərbənd" (RF) yarımstansiyalarını birləşdirən 330-kilovoltluq EÖX ilə həyata keçirilir. 2005-ci ildə Yaşma yarımstansiyasında enerji mübadiləsinin keyfiyyətinin yaxşılaşdırılması üçün əsaslı yenidənqurma işləri aparılıb, köhnə avadanlıq dəyişdirilib.

Hazırda Azərbaycan və Rusiyanın layihə institutları tərəfindən Yaşma-Dərbənd növbəti sistemlərarası ikinci EÖX-in çəkilişi üçün texniki- iqtisadi əsaslandırılma işlənib hazırlanır ki, bu da enerji axınlarının ikiqat artırılmasına imkan verəcək. Bu obyekt Rusiya-Azərbaycan-İran enerji dəhlizinin yaradılması regional layihəsinin əsas həlqələrindən biri hesab olunur və bu çərçivədə üç maraqlı tərəf konkret işlər aparır.

"Respublikamız qonşu ölkələrlə əlaqələri uğurla möhkəmləndirir və elektrik enerjisi mübadiləsi həcmini genişləndirir, enerji ixracı layihələrini, öz ərazisi ilə tranzit və s. işləyib hazırlayır. Rusiya bizim ənənəvi və etibarlı tərəfdaşımız kimi əməkdaşlığın daha prioritet və perspektivli qüvvələrindən biri olaraq qalır" -deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti