...

ABƏŞ Lökbatandakı doğum evinin təmirini başa çatdırıb

Energetika Materials 14 Mart 2006 13:00 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Lökbatan qəsəbəsində "Doğum evinin yenidən qurulması" layihəsini başa çatdırıb. Trend bildirir ki, bu layihə iri Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin Qaradağ rayonu üzrə ictimaiyyətə yardım proqramının bir hissəsidir, hazırda Səngəçal terminalı da daxil olmaqla ABƏŞ-in bəzi obyektlərinin tikintisi bu ərazidə aparılır.

Bu layihənin həyata keçirilməsinə 2005-ci ilin avqustunda Beynəlxalq Tibb Korpusu (BTK) (International Medical Corps (IMC)) təşkilatı tərəfindən başlanılıb. BTK ilə ABƏŞ 2005-ci ilin aprelində saziş imzalayıb və həmin sazişə əsasən, yenidənqurma işləri bu il fevralın əvvəlində tamamlanıb.

Layihənin bir hissəsi olaraq tam təmir olunmuş doğum evi həm də yeni avadanlıqla təchiz edilib.

Layihənin ümumi dəyəri 39.270 dollardır və bunun 29.750 dollarını (20.500 dollar təmir üçün və 9.250 dollar avadanlıqlar üçün) AÇG layihəsi ödəyib, 5.070 dollarlıq natural vəsait (adyallar, yorğanlar və yeni doğulan uşaqlar üçün ləvazimatlar) BTK tərəfindən təmin olunub, qalan 4.450 dollarlıq vəsait (təmir üçün 1.450 dollarlıq materiallar, işçi qüvvəsi və 3.000 dollar dəyərində avadanlıq üçün) yerli icma üzvləri tərəfindən töhfə edilib.

Qaradağ İcmaya Yardım Proqramı ABƏŞ və onun tərəfdaşları, BTK tərəfindən bu rayondakı ən təxirəsalınmaz səhiyyə ehtiyaclarının ödənilməsi üçün başlanılıb.

"Bu proqramın məqsədi ilkin səhiyyə xidmətlərinin, xüsusilə ana və uşaq sağlamlığının möhkəmləndirilməsi, eləcə də Qaradağ rayonunda səhiyyə maarifi vasitəsilə təməl səhiyyə məsələləri ilə bağlı məlumatlandırmanın artırılması, həmçinin təlimdir. Səngəçal terminalının yerləşdiyi Qaradağ rayonu sakinlərinin keyfiyyətli səhiyyə xidmətlərindən istifadə edə bilmək imkanlarını yaxşılaşdırmaq üçün icma fəaliyyət qruplarını səfərbər edirik" -deyə Səngəçal Terminalının Genişləndirilməsi Proqramının direktoru Yakobus Nyuvenhauz qeyd edib.

Xəbər lenti

Xəbər lenti