Xaçmaz modul elektrik stansiyasının oktyabrın 20-də işə salınması nəzərdə tutulub.
Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib. Hazırda bu obyektdə yarımstansiyanın inşası üzrə işlərin təxminən 95%-i yerinə yetirilib.
110 kilovoltluq yarımstansiyada bütün transformatorlar, ayırıcılar, elektrik açarları və digər avadanlıqlar quraşdırılıb. Sazlama əməliyyatlarına hazırlıq gedir.
Bundan başqa modul elektrik stansiyasının da inşası davam edir. Hər biri 8,7 MVt gücündə 5 generator sınaqdan keçirilir. İnşaatçılar əsas diqqəti stansiyanı yanacaqla təmin edəcək qaz kəmərinin inşasına yönəldib. "Şimal-Cənub" magistral qaz kəmərindən çəkilmiş qolun uzunluğu 4 km təşkil edəcək. Bu işlər oktyabrın ilk ongünlüyündə başa çatacaq.