Azərbaycan Dövlət Neft Şirkəti Dövlət neft akademiyasının tələbələrinə verilən təqaüdlər üzrə müsabiqə komissiyasının toplantısını keçirib. Trend xəbər verir ki, bu barədə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib. Təqaüdlərin verilməsi Dövlət neft şirkətinin həm respublikada, həm də respublikadan kənarda şəxsi kadrlarının hazırlanması üçün həyata keçirdiyi ümumi təqaüdlər proqramının bir hissəsidir.
Dövlət neft şirkəti hər il tədris prosesində ən yaxşı nəticə göstərmiş akademiya tələbələrinə təqaüdlər verir. Bu il ARDNŞ yeni qaydaların tətbiqinə başlayıb. Qaydalara əsasən təqaüdlər yalnız ARDNŞ komissiyasının müsabiqəsindən keçən tələbələrə veriləcək.
Komissiya üçüncü kursun 19 tələbəsi ilə müsahibə aparıb və sonra 16 tələbəyə 40 AZN həcmində təqaüdlərin verilməsi haqqında qərar qəbul edilib. Təqaüdlərin verilməsi Azərbaycan Beynəlxalq Bankının plastik kartları ilə həyata keçiriləcək. Oktyabrın 7-də akademiyanın ikinci kurs tələbələrinə təqaüdlərin verilməsi məsələsinə baxılacaq.